NASA 1968-ci ildə Apollo 8 missiyası ilə Ayın ətrafına çatan astronavtların yolunu yarım əsr sonra yenidən davam etdirməyə hazırlaşır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, “Artemis 2” adlanan yeni missiya 2026-cı ilin əvvəlində həyata keçiriləcək və dörd astronavtın iştirakı ilə 10 gün davam edəcək səfərdə Ayın ətrafında dövr etməyi hədəfləyir.
İnsanlı kosmik uçuşlar tarixində dönüş nöqtəsi sayılan Apollo 8 missiyası, insanların Yer orbitindən çıxaraq başqa bir göy cisminin cazibə sahəsinə daxil olduğu ilk səyahət idi. Həmin dövrdə dünyanı müharibələr və ictimai böhranlar narahat edirdisə, bu uğur elmi qələbədən də artıq mənaya sahib olmuşdu.
“Artemis 2” missiyasında astronavtlar Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen “Integrity” adlı kapsulla Ayın arxa tərəfinə qədər uzanan marşrut üzrə uçacaqlar. Bu səfər Orion kosmik gəmisinin və dünyanın ən güclü raketlərindən biri olan Kosmik Buraxılış Sistemi’nin (SLS) real dərin kosmos şəraitində ilk insanlı sınağı olacaq.
1972-ci ildən bəri Aya yaxın həyata keçiriləcək ilk insanlı uçuş olan missiya, texniki baxımdan böyük əhəmiyyət daşıyır. Artemis 2 yalnız Ay səthinə eniş üçün lazım olan həyati sistemləri sınaqdan keçirməyi hədəfləmir, eyni zamanda kosmosdakı rəqabətdə Çin kimi digər aktorların planlarına cavab olaraq ABŞ-ın strateji mövqeyini gücləndirir.
Layihə, büdcə müzakirələri və institusional transformasiyalar fonunda irəliləyir və kosmos elminin təkcə kəşf sahəsi olmadığını, eyni zamanda çətin dövrlərdə cəmiyyət üçün vizyon formalaşdırma gücünü də nümayiş etdirir.
Zeynəb Tehranlı