Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir.
AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.