Azedu.az

Bu ev əşyaları sağlamlıq üçün gizli təhlükə yaradır

Xəbərlər

24 Dekabr 2025, 11:04
Bu ev əşyaları sağlamlıq üçün gizli təhlükə yaradır

Cənubi Koreyada aparılan yeni elmi araşdırma gündəlik məişətdə tez-tez istifadə olunan bəzi ev cihazlarının daxili hava çirkliliyinə ciddi təsir göstərdiyini ortaya qoyub.

AzEdu.az xəbər verir ki, Pusan Milli Universitetinin (PNU) tədqiqatçıları tərəfindən aparılan araşdırmada tosterlər, hava fritözləri (air fryer) və saç qurutma cihazlarının yaydığı “ultra incə hissəciklər” (UFP) ölçülüb. Ölçüsü 100 nanometrdən kiçik olan bu hissəciklər insan orqanizminə dərin şəkildə nüfuz edə bildiyi üçün sağlamlıq üçün təhlükə yaradır.

Araşdırmanın nəticələrinə görə, ən yüksək çirkləndirici mənbə tosterlərdir. Laboratoriya şəraitində aparılan testlər zamanı çörək qoyulmadığı halda belə, tosterlərin hər dəqiqə təxminən 1,73 trilyon ultra incə hissəcik yaydığı müəyyən edilib. Mütəxəssislər bu yüksək emissiyanın əsas səbəbi kimi cihazlardakı istilik bobinləri və fırçalı DC motorları göstərirlər.

Saç qurutma cihazları ilə bağlı testlər isə göstərib ki, fırçasız motor texnologiyasına malik modellər standart motorlu cihazlarla müqayisədə 10-100 dəfə daha az hissəcik yayır. Tədqiqat zamanı cihazlardan havaya mis, dəmir, alüminium, gümüş və titan kimi ağır metalların da qarışdığı aşkarlanıb.

Araşdırmada xüsusi olaraq uşaqlar üçün risk faktoruna diqqət çəkilib. Kompüter simulyasiyaları bu hissəciklərin burun tərəfindən süzülmədən birbaşa ağciyərlərə çatdığını göstərib. Hava yolları daha dar olan uşaqların bu cür çirklənməyə qarşı daha həssas olduğu vurğulanıb.

Ətraf mühiti üzrə mühəndis Changhyuk Kim bildirib ki, havaya yayılan ağır metallar orqanizmdə iltihab proseslərini gücləndirə və hüceyrə zəhərlənməsi riskini artıra bilər. Əvvəlki elmi tədqiqatlar da ultra incə hissəciklərə uzunmüddətli məruz qalmanın astma, ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəng kimi ciddi xəstəliklərlə əlaqəli olduğunu göstərib.

Mütəxəssislər istehsalçıları daha təhlükəsiz dizayn həllərinə üstünlük verməyə, həmçinin daxili hava keyfiyyətinin qorunması üçün yaş qruplarına uyğun tənzimləmələrin tətbiq edilməsinə çağırıblar.

Zeynəb Tehranlı

ŞOK XƏBƏR ! Türkiyə və Azərbaycana yeni təhlükə gəlir
Son xəbərlərDaha çox