Azedu.az

Yeni ilin olmzsa olmazı: Hədiyyə paketləri uşaqlar üçün niyə zərərlidir?

Xəbərlər

Maraqlı

23 Dekabr 2025, 16:38
Yeni ilin olmzsa olmazı: Hədiyyə paketləri uşaqlar üçün niyə zərərlidir?

Artıq yeni ilə sayılı günlər qalıb. Marketlərdə isə uşaqlar üçün cürbəcür hədiyyə paketləri satışdadır. Bu yeni il bağlamalarının qiymətləri də müxtəlifdir. Lakin paket içərisindəki qidaların keyfiyyəti eyni deyil.

Valideynlər bu qidaları almağın tərəfdarı olmasa da, uşaqlar üçün diqqətçəkici və arzuolunandır.

Bəs, bu paketlərin tərkibindəki qida məhsulları (şirniyyatlar, şokoladlar, içkilər və s.) uşaqlara hansı mənfi təsirləri göstərə bilər?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova danışıb.

Həkim bildirib ki, bu kimi qidaların davamlı istifadəsi gələcəkdə şəkərli diabet və ürək-damar xəstəliklərinə yol aça bilər:

"Əlbəttə ki, marketlərdə satılan hədiyyə paketlərinin tərkibində şirniyyatlar, şəkərli içkilər və digər emal olunmuş qidalar olur. Bu məhsullar uşaqlar üçün əyləncəli ola bilər, ancaq sağlamlıq və psixoloji davranışlar üçün heç də yaxşı deyil.

Birinci növbədə fiziki sağlamlığa olan zərərlərə diqqət yetirək: sözü gedən qidaların tərkibində şəkər çoxdur. Bu da həddindən artıq enerji verir. Lakin bizim qida rasionumuzda həmişə vitaminlər, protein və faydalı yağlar olmalıdır. Uşaqlar bu qidaları yedikdə iştahları bağlanır və gündəlik qida balansı pozulur.

Həmçinin bu qidaların dişə də zərərləri var. Şəkərli qidalar bakteriyaların çoxalmasına, bu da öz növbəsində dişlərin çürüməsinə səbəb olur. Şəkərli qida həmçinin uşaqlarda artıq çəkiyə yol aça bilər. Bu kimi qidaların davamlı istifadəsi gələcəkdə şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər".

Yüksək şəkər tərkibli və emal olunmuş qidalar uşaqlarda diqqət və konsentrasiyanın pozulmasına da gətirib çıxara bilər:

"Psixoloji davranışa təsir baxımından enerji dalğalanmaları müşahidə oluna bilər və gün ərzində davranış dəyişiklikləri baş verə bilər. Şəkər qəbulu qısa müddət ərzində enerji artımına səbəb ola bilir ki, buna "sugar rush" deyilir. Lakin bunun ardınca enerji səviyyəsi sürətlə aşağı düşür, yəni "sugar crash" baş verir.

Şəkərli qidalar qəbul edildikdə qanda qlükoza səviyyəsi ani şəkildə yüksəlir, insulin ifrazı artır və uşaq qısa müddətlik enerjili və xoşbəxt olur. Ancaq bu yüksəlişdən dərhal sonra şəkər səviyyəsi sürətlə enir. Nəticədə uşaqlarda qeyri-sabitlik, əsəbilik, diqqət pozğunluğu, sürətli enerji dəyişiklikləri və narahatlıq halları yaranır. Bu da diqqətə təsir edir və öyrənmə problemlərinə yol aça bilər.

Elmi araşdırmalar göstərir ki, yüksək şəkər tərkibli və emal olunmuş qidalar uşaqlarda diqqət və konsentrasiyanın pozulmasına gətirib çıxara bilər. Bu da məktəb yaşlı uşaqların sosial fəaliyyətlərinə mənfi təsir göstərə bilər.

Əsas risklərdən biri də tərkibindəki trans yağlar və süni qida əlavələridir. Şokoladlar və şirniyyatlar tez-tez trans yağlar, süni dadlandırıcılar, rəngləndiricilər və emulqatorlarla zəngin olur. Etiketlərdə böyük "E" hərfləri ilə göstərilən bu maddələrin uzunmüddətli istifadəsi orqanizmdə, hətta hüceyrə səviyyəsində problemlərə yol aça bilər.

Bundan əlavə, bəzi şokoladlar və qazlı içkilərdə kofein ola bilər. Bu maddələr sinir sistemini həssaslaşdıra, yuxu pozuntularına və əsəbilik hallarına səbəb ola bilər. Buna görə də valideynlər xüsusilə diqqətli olmalıdırlar".

Valideynlər məhsulların etiketlərini oxumalı, tərkibindəki əlavə şəkər, trans yağlar, süni rəngləndirici və dadlandırıcılara diqqət yetirməlidirlər:

"Tərkibi daha qısa və tanış olan məhsulları seçmək daha sağlam seçimdir. Xüsusilə tərkibində çox sayda qatqı maddəsi olan məhsullardan uzaq durmaq tövsiyə olunur. Kiçik yaşlı uşaqlarda, xüsusən erkən yaş dövründə qida tələbatı daha həssasdır. Bu yaş qrupunda yüksək şəkərli qidalar daha zərərli təsir göstərə bilər.

Qidaların uşağın yaşına və fizioloji ehtiyaclarına uyğun olub-olmadığına diqqət yetirmək vacibdir. Tam qadağa qoymaq hər zaman mümkün deyil, xüsusən məktəb yaşlı uşaqlara. Evdə qadağan edilsə belə, uşaq başqa mühitlərdə bu qidaları ala bilər. Buna görə də alternativ, daha balanslı seçimlər təklif etmək daha məqsədəuyğundur.

Məsələn, şəkərli paketli məhsullar əvəzinə quru meyvələr, evdə hazırlanmış təbii şirələr və ya şəkərsiz qəlyanaltılar seçilə bilər. Həmçinin uşaqlar üçün inkişaf etdirici, öyrədici dəstlər və ya oyuncaqlar hədiyyə olaraq daha faydalı alternativ ola bilər. Bu, paketli, yüksək şəkərli məhsullardan qat-qat sağlam seçimdir.

Əgər uşaq şəkərli məhsul qəbul edibsə belə, sonradan dişlərin fırçalanmasına və ağız gigiyenasına diqqət yetirilməlidir. İdeal halda isə bu tip paketlərdə şəkərsiz və ya az şəkərli, təbii məhsullar, eləcə də uşağın həm ruhi, həm də fiziki inkişafına töhfə verən hədiyyələr yer almalıdır".

ŞOK XƏBƏR ! Türkiyə və Azərbaycana yeni təhlükə gəlir
Son xəbərlərDaha çox