Azedu.az

Abituriyentlərin “xilas planı” - repetitor son şansdırmı?

Xəbərlər

23 Dekabr 2025, 15:29
Abituriyentlərin “xilas planı” - repetitor son şansdırmı?

DİM sədri Məleykə Abbaszadə qeyd edib ki, “repetitora üz tutanlar sehrli üsul axtarırlar”. Bu fikirdən çıxış edərək demək olar ki, bəzi valideynlər övladlarının təhsili ilə bağlı 9 il ərzində ciddi düşünmür, lakin son iki il qaldıqda onları repetitor yanına göndərir və mütləq ali məktəbə qəbul olacaqlarına inanırlar.

Belə olan halda sual yaranır ki, valideynlər niyə son iki il qaldıqda düşünürlər ki, övladları yüksək balla universitetə qəbul olmalıdır? Bunun səbəbi repetitorlara olan güvəndən irəli gəlir, yoxsa övladlarının təhsilinə qarşı laqeyd münasibətdən qaynaqlanır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

Müsahibimiz qeyd edib ki, suallar çətin olduqda abituriyentlər istər-istəməz repetitor yanına üz tuturlar:

“Hazırda repetitorluğun bu qədər məşhurlaşmasının və fəaliyyət dairəsinin genişlənməsinin əsas səbəblərindən biri elə Dövlət İmtahanı Mərkəzinin özüdür. Çünki DİM sualları nə qədər çətinləşdirirsə və qəbul imtahanlarını 5-6 fənn üzrə keçirirsə, abituriyentlər də bir o qədər repetitor yanına getməyə məcbur qalırlar.

Çətinliklə bağlı repetitorlara üz tutanların sayı həddindən artıq çoxdur. Gəlin, abituriyentlərə sual verək: onlar niyə repetitor yanına gedirlər? Birinci səbəb aydındır, orta ümumtəhsil məktəblərində tədris olunan proqramla Dövlət İmtahanı Mərkəzinin qəbul proqramı tam uyğun gəlmir. Proqramlar formal olaraq üst-üstə düşsə də, siniflər üzrə uyğunluq yoxdur. Bu, əsas problemlərdən biridir.

İkinci əsas problem isə elə Dövlət İmtahanı Mərkəzinin özüdür. Çünki suallar çətin olduqda abituriyentlər istər-istəməz repetitor yanına üz tuturlar. Orta ümumtəhsil məktəblərində hər sinif üçün mövcud olan sinif testləri var. Elm və Təhsil Nazirliyinin nəşr etdiyi bu testlərə uyğun suallar tərtib olunsa, orta məktəbdə keçilən mövzular əsasında imtahan keçirilsə, hansı abituriyent repetitor yanına gedər?”.

Dövlət İmtahanı Mərkəzi əvvəlcə öz problemlərini etiraf etməli və onları həll etməlidir:

“Əgər suallar daha sadə, sinif proqramına uyğun formatda tərtib edilsə, şagirdlərin böyük bir qismi repetitora ehtiyac duymadan hazırlıq görə bilər. Repetitorluğun bu qədər yayılmasının birinci səbəbi yuxarı siniflərdə ümumi proqramın kifayət etməməsidir. İkinci səbəb isə Dövlət İmtahanı Mərkəzinin qəbul siyasətidir.

DİM qəbul imtahanlarında fənlərin sayını azaltmalıdır. Hazırda ixtisas qrupları üzrə 5, bəzi hallarda isə 6 fənn üzrə imtahan keçirilir. Bu qədər fənn üzrə çətin suallarla üzləşən şagird nə etməlidir? Bu, şagirdi məcbur edir ki, əlavə dəstək alsın. Bu, qaçılmazdır. Düşünün ki, sertifikasiya imtahanında bir fənn üzrə imtahan verən müəllimlərin belə 50 faizi keçid balını toplaya bilmir. Amma biz 11-ci sinif şagirdindən 5-6 fənn üzrə yüksək nəticə gözləyirik. Bu, sanki sehrli üsul axtarmağa bənzəyir və açıq desək, absurddur.

İmtahan fənlərinin sayı azaldılsa və sualların səviyyəsi bir qədər asanlaşsa, şagirdlərin böyük əksəriyyəti repetitora ehtiyac duymayacaq. 

Əgər qəbul imtahanlarında abituriyentlərin 50 faizindən çoxu 700 bal üzərindən 350-dən aşağı nəticə göstərirsə, bu artıq ciddi siqnaldır. Təxminən 120 min abituriyentin yarısı minimal nəticəni belə toplaya bilmirsə, bu o deməkdir ki, suallar həddindən artıq çətindir. Burada başqa bəhanə axtarmağa ehtiyac yoxdur. Yüksək nəticə göstərən 20-30 faizlik qrup isə əsasən repetitorların hesabına bu nəticəni əldə edir".

ŞOK XƏBƏR ! Türkiyə və Azərbaycana yeni təhlükə gəlir
Son xəbərlərDaha çox