"Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Bu əlamətdar tarix müasir Azərbaycan dövlətçiliyinin inkişaf yoluna, əldə olunan strateji nailiyyətlərə və həyata keçirilən ardıcıl islahatlara nəzər salmaq üçün mühüm fürsət yaradır. Xüsusilə vurğulanmalıdır ki, möhtərəm Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunu uğurla davam etdirərək təhsili cəmiyyətin davamlı inkişafının əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlayır".
Bu fikirləri AzEdu.az-a Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva açıqlamasında qeyd edib.
Deputat bildirib ki, Prezident cənab İlham Əliyevin təhsil siyasəti sistemli, məqsədyönlü və uzunmüddətli strateji yanaşmaya əsaslanır:
"Dövlət başçısının rəhbərliyi ilə son illər ölkədə təhsilin bütün pillələrini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi formalaşdırılmışdır. Bu siyasətin mühüm istiqamətlərindən biri gənclərin xaricdə təhsilinin təşviqidir. Dövlət proqramları vasitəsilə minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almasına şərait yaradılmış, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsi təmin edilmişdir. Bu yanaşma qlobal bilik və təcrübənin milli inkişaf modelinə inteqrasiyasına xidmət edir.
Eyni zamanda, peşə təhsilinin inkişafı İlham Əliyevin təhsil strategiyasında xüsusi yer tutur. Dövlət başçısının imzaladığı sərəncam və proqramlar nəticəsində peşə məktəblərinin sayı artırılmış, maddi-texniki bazası gücləndirilmiş, əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı genişləndirilmişdir. Son günlərdə İlham Əliyev peşə məktəbləri ilə bağlı verdiyi sərəncam bu sahəyə göstərilən davamlı diqqətin bariz nümunəsidir və gənclərin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Prezidentin təhsil siyasətində xüsusi yer tutan istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulmasıdır.
Qarabağ və Şərqi Zəngəzurda tam orta məktəblərin və peşə təhsili müəssisələrinin istifadəyə verilməsi yalnız sosial infrastrukturun bərpası deyil, həm də Böyük Qayıdış strategiyasının əsas dayaqlarından biridir. Bu addımlar həmin ərazilərdə dayanıqlı yaşayışın və insan potensialının formalaşdırılmasına xidmət edir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Prezidentin təhsil siyasəti təkcə bu günün deyil, gələcək nəsillərin də rifahını təmin etməyə yönəlmiş strateji xəttdir.
Təhsilə göstərilən davamlı diqqət və qayğı ölkənin intellektual potensialının gücləndirilməsi, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması və müasir Azərbaycan cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bir daha əminliklə qeyd etmək olar ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü təhsil siyasəti Azərbaycanın güclü, bilikli və dayanıqlı gələcəyinin təminatçısıdır".