Azedu.az

50 il sonra yaradılan molekul xərçəng müalicəsinə ümid verir

Xəbərlər

23 Dekabr 2025, 10:28
50 il sonra yaradılan molekul xərçəng müalicəsinə ümid verir

MIT kimyaçıları elm tarixində mühüm bir nailiyyətə imza atıblar. 

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, təxminən 50 il əvvəl kəşf edilən, lakin son dərəcə mürəkkəb quruluşuna görə indiyədək laboratoriya şəraitində sintez edilə bilməyən göbələk mənşəli verticillin A molekulu nəhayət yaradılıb.

Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri bu molekulun sintezini uğurla həyata keçirərək, xüsusilə uşaqlarda rast gəlinən aqressiv beyin xərçənginin müalicəsi üçün yeni perspektivlər açdıqlarını bildiriblər.

Qeyd olunur ki, verticillin A-nın hazırlanması onun olduqca mürəkkəb kimyəvi quruluşu səbəbindən onilliklər ərzində kimyaçılar üçün böyük çətinlik yaradıb. Hətta quruluş baxımından oxşar birləşmələrlə müqayisədə cəmi bir neçə atom fərqinə baxmayaraq, bu molekulun sintezi uzun müddət mümkünsüz hesab olunub.

Tədqiqat çərçivəsində alimlər verticillin A-nın dəyişdirilmiş variantlarını da hazırlayaraq onları uşaqlarda nadir hallarda rast gəlinən beyin xərçəngi üzərində sınaqdan keçiriblər. Əldə olunan nəticələr molekulun xərçənglə mübarizədə yüksək potensiala malik olduğunu göstərib.

Alimlər hesab edirlər ki, bu uğur təkcə verticillin A ilə məhdudlaşmır, eyni zamanda indiyədək sintez olunması mümkün olmayan və araşdırıla bilməyən molekulların bütöv bir sinfinin öyrənilməsinə yol açır. Bu isə gələcəkdə xərçəngin müalicəsində yeni və daha effektiv dərmanların hazırlanmasına töhfə verə bilər.

Zeynəb Tehranlı

Ukrayna bombalayır - Rusiyada dəhşətli partlayışlar
Son xəbərlərDaha çox