Azedu.az

Dərsliklər dəyişməlidir: Süni intellekt dövründə təhsil necə olmalıdır?

Xəbərlər

18 Dekabr 2025, 16:38
Dərsliklər dəyişməlidir: Süni intellekt dövründə təhsil necə olmalıdır?

Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsil sisteminin uzun müddətdir dəyişmədiyini, dörd nəslin eyni fənləri oxuduğunu vurğulayıb. Nazir bildirib ki, bir çox fənlərin dövrü artıq başa çatıb və müasir təhsil yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, bu prosesə süni intellekt də cəlb oluna bilər.

Bu baxımdan, süni intellekt yönümlü modelə keçid Azərbaycan təhsil sistemi üçün nə dərəcədə real və məqsədəuyğundur?

AzEdu.az-a mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlama verib.

Müsahibimiz qeyd edib ki, fənlər yenilənməli, praktik yönümlü dərsliklər və proqramlar hazırlanmalıdır:

“Nazir dörd nəslin eyni fənləri oxumasını vurğulayıb və bu, doğrudan da çox aktual mövzudur. Nəzərə alsaq ki, bu günün reallıqları çox sürətlə dəyişir, hökmən bu zamana uyğunlaşmalıyıq. Çünki 20 il əvvəl proseslər daha ləng gedirdisə, indi hər ay, hər gün, hər il dəyişikliklər baş verir.

Bu baxımdan yeni fənlərə, yeni ixtisaslara və ümumilikdə yeni bacarıqların əldə olunmasına yönəlik addımlar atılmalıdır. Fənlər dəyişdirilməli, praktik yönümlü dərsliklər və proqramlar qurulmalıdır. Düşünürəm ki, yeni tətbiq ediləcək dərsliklər, fənlər və proqramlar müasir tələblərlə uzlaşmalıdır. Çünki dördüncü nəsil dediyimiz anlayış çox ciddi bir mərhələdir və biz müasir dünyanın getdiyi proseslərdən geri qalmamalıyıq”.

Bir çox fənlərin təkcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də aktuallığını itirib:

“Azərbaycan kifayət qədər innovativ ölkədir. Azərbaycan xalqı, milləti və xüsusilə gəncliyi yeniliyə açıqdır. Bu baxımdan bəzi geridəqalmalar bizim üçün qəbuledilməzdir. Süni zəka dövrü, çatbotların geniş yayılması, ağıllı siniflərin yaradılması, robot müəllim anlayışlarının gündəmə gəlməsi artıq zərurətə çevrilib.

Əlbəttə, yeni proqramlar və yeni yanaşmalar tətbiq edilməlidir. Düşünürəm ki, bu məsələlərə konseptual şəkildə yanaşılsa, proqramlar hazırlansa və konkret hədəflər müəyyənləşdirilsə məsələn, 2030, 2035, 2040-cı illər üçün ən azı 10 illik strateji plan qurulsa, hansı nəticələri əldə edəcəyimiz aydın olar. Təhsilimizin hansı bacarıqları və yenilikləri mənimsəyəcəyi müəyyənləşər ki, gəncliyimizi düzgün istiqamətdə yetişdirə bilək.

Bir çox fənlərin təkcə orta məktəblərdə deyil, universitetlərdə də bəzi ixtisaslar üzrə vaxtı çoxdan bitib. Onlar ya dəyişdirilməli, ya yenilənməli, ya da format baxımından fərqləndirilməlidir. Bu baxımdan bu yanaşmanı dəstəkləyirəm və münasibətim müsbətdir”.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox