Azedu.az

Müdafiə nazirinin müavinləri harada təhsil alıblar?

Xəbərlər

12 Dekabr 2025, 14:44
Müdafiə nazirinin müavinləri harada təhsil alıblar?

Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyini, ərazi bütövlüyünü və milli müdafiə qabiliyyətinin gücləndirilməsini təmin edən əsas dövlət qurumlarından biridir. Bu qurum tərəfindən qəbul edilən strateji qərarların səmərəliliyi isə birbaşa hərbi və inzibati rəhbər heyətin peşəkarlığı, idarəetmə bacarıqları və strateji düşüncə səviyyəsindən asılıdır.

Nazir müavinlərinin təhsil yolu, hərbi ixtisaslaşma sahələri və akademik hazırlığı onların müdafiə siyasətində həyata keçirdikləri islahatların məqsəd və mahiyyətini düzgün qiymətləndirməyə imkan verir. Bu amillər həm ordunun idarə olunmasında, həm də ölkənin müdafiə strategiyasının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda müdafiə naziri Zakir Əsədovun müavinləri- Kərim Vəliyev, Hikmət Mirzəyev,  Namiq İslamzadə və  Aqil Qurbanovun  təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

 

174273

General-polkovnik Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.
14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
20.02.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

174274

General-polkovnik Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.
1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.
1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.
1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.
11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

174275

General-leytenant İslamzadə Namiq Sərəfruz oğlu 7 may 1974-cü ildə Bərdə rayonunda anadan olub.

1991-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra 1996-cı ilədək Türkiyə Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib.
2011-2013-cü illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb.
1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.
2019-2024-cü illər ərzində Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 25.06.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 02.02.2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
23.09.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.

174276

Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.
2008-2009-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
09.12.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.
27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 25.06.2025-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
13.07.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin edilib.

 

 

 

 

 

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox