Azedu.az

Tələbələr müasir dərslik tapmırlar: məsuliyyət kimdədir?

Xəbərlər

11 Dekabr 2025, 16:02
Tələbələr müasir dərslik tapmırlar: məsuliyyət kimdədir?

Ali təhsil müəssisələrində dərs prosesində tələbələrin ən çox üzləşdiyi problemlərdən biri dərs materiallarının çatışmazlığıdır. Bir çox tələbə dərsliklərin fənni tam əhatə etmədiyini, məlumatların köhnə olduğunu və yenilənməyə ehtiyac duyduğunu bildirir. Bu çatışmazlıq isə onların dərsləri daha çətin mənimsəməsinə səbəb olur.

Bəs universitetlər dərsliklərin hazırlanmasında niyə kifayət qədər aktiv deyil? Tələbələrin dərsliklərlə təmin olunmasında ali məktəblərin hansı öhdəlikləri var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, dərsliklərin yazılması müəlliflər üçün həm çox çətin, həm də zəhmət tələb edən prosesdir:

“Təhsil müəssisələrində yeni fənlər və həmçinin mövcud fənlərin hər biri üzrə dərsliklərə ciddi ehtiyac var. Lakin bu kitabların yazılması müəlliflər üçün kifayət qədər ağır və vaxt aparan işdir. Bunun qarşılığında isə müəlliflərə nə maddi dəstək, nə də digər üstünlüklər təqdim edilir. Bu səbəbdən çox az müəllif bu işə maraq göstərir. Əvvəllər xüsusi patentlər verilirdi və dərsliklərin hazırlanması daha stimullaşdırılmış şəkildə aparılırdı.

Hazırda isə bütün maliyyə yükü, dərsliyin yazılması və nəşri müəllifin öz üzərinə düşür. Bir kitabın çapı yüksək məbləğ tələb etdiyinə görə müəlliflər bu prosesi sərfəli hesab etmirlər. Bu gün əsasən yalnız elmi dərəcə almaq məqsədi ilə monoqrafiya və kitablar yazılır.

Düşünürəm ki, bu sahədə aktivliyi artırmaq üçün təhsil müəssisələri müəlliflərlə sıx əməkdaşlıq etməli, onları yeni və müasir tələblərə cavab verən dərslik və tədris vəsaitləri hazırlamağa təşviq etməlidir. Bu yanaşma tələbələr üçün ana dilində müasir məzmunların mənimsənilməsini təmin edəcək və yeni dərsliklərin yaranmasına şərait yaradacaq".

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox