Ümumiyyətlə, bəzən görürsünüz ki, deviant davranışlı uşaqların səbəbləri araşdırılıb. Bu səbəblərin içərisində həm sosial, həm də tibbi amillər ola bilər. Çünki valideynlərin maraqlanmadığı uşaqlarda deviant davranış daha çox müşahidə olunur.
AzEdu.az-a bu sözləri psixoloq Aytən Ələkbərova söyləyib.

O, qeyd edib ki, psixoloji xəritədə uşaq haqqında toplanan məlumatlarda deviant davranış pozuntusu görünürsə, ona xüsusi diqqət yetirilməlidir:
"Sosial platformalara, məsələn TikTok-a baxanda da görürük ki, deviant davranış pozuntusu daha çox hansı uşaqlarda yaranır. Hətta şərhlərdə belə yazılır ki, “bunların valideyni yoxdurmu?”. Bu tip ailələrdən olan uşaqlarda deviant davranış pozuntusu müşahidə olunur və psixoloq olaraq subyektiv fikrimdir ki, bunu artıq təbii hal kimi qəbul edirik.
Çünki maraqlanılmayan bir uşağın taleyində, aqibətində, gələcək uğurlarında, gələcək yalnış addımlarında bu deviant davranışların izləri görünə bilir. Cəmiyyət adətən tədris, sanksiyalar, mənəvi qınama və ya cinayət tətbiqi yolu ilə deviant davranışları cəzalandırsa da, bir məqamı unutmamalıyıq: biz məktəbə niyə gedirik? Ailədə hər hansı problem ola bilər, amma insan olaraq psixi xüsusiyyətlərimizin düzgün yönləndirilməsi üçün məktəbdə psixoloq lazımdır. Psixoloji xəritədə uşaq haqqında toplanan məlumatlarda deviant davranış pozuntusu görünürsə, ona xüsusi diqqət yetirilməlidir".
Müəllimlərin qınaması və ya valideynlərin uşağı kənara çəkməsi problemi həll etmir:
"Bu xüsusi diqqət gələcəkdə uşağın alkoqoldan asılı olmaması, intihara cəhd etməməsi, oğurluq etməməsi və digər mənfi halların qarşısının alınması üçün vacibdir. Çünki əksər hallarda deviant davranış adlandırdığımız bu məqamlar məhz vaxtında görülməyən hallardan yaranır. Buna görə məktəb psixoloqları psixoloji xəritələri hazırlayarkən hər kəsə eyni yanaşmamalı, fərdi yanaşma ilə bu halları aşkara çıxarmalıdırlar ki, qarşısını almaq mümkün olsun.
Belə vəziyyətlərdə xüsusi proqramlar hazırlanır və həmin proqram əsasında uşağın davranışlarına təsir göstərilir, günbəgün əldə edilən müsbət nəticələr rəğbətləndirilir. Bu müsbət nəticələr uşağın həyata düzgün adaptasiya olmasına kömək edir. Məsələn, yeniyetmələrin oyun zamanı və ya sosial davranışlarında görürük ki, sevgi münasibətlərinə çox tez can atırlar hormonal dəyişikliklər onları buna sürükləyir. Müəllimlərin qınaması və ya valideynlərin uşağı kənara çəkməsi problemi həll etmir. Əgər psixoloji, ginekoloji, androloji və digər sahələr üzrə kompleks söhbətlər aparılsa, bu insanlara kömək etmək mümkündür.
Burada fərdi xüsusiyyətlər, psixi xüsusiyyətlər ön planda olmalıdır. Hətta temperament və bəzi bioloji amillər, qan qrupları belə müəyyən təsirlər göstərə bilər. Buna görə fərdi söhbətlər və onların əsasında psixopedoqoji maarifləndirmə işləri davam etdirilməlidir".