Azedu.az

Şagirdlər dərs oxumaq istəmir - səbəb valideyndir, yoxsa müəllim?

Xəbərlər

10 Dekabr 2025, 16:02
Şagirdlər dərs oxumaq istəmir - səbəb valideyndir, yoxsa müəllim?

Şagirdlərin məktəbə marağının azalması, dərslərə qarşı həvəs göstərməməsi və ümumiyyətlə təhsilə laqeyd yanaşmaları valideynlər üçün hər zaman narahatlıq doğuran əsas məsələlərdən biridir. Bu vəziyyət təkcə uşaqların akademik göstəricilərinə təsir etmir, həm də onların gələcək perspektivlərini və həyat seçimlərini formalaşdırmaqda əhəmiyyətli rol oynayır.

Bəs, bu maraqsızlığın və motivasiyasızlığın kökündə hansı amillər dayanır və valideynlər uşaqlarının təhsil prosesində fəal iştirakını necə təmin edə bilərlər?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.

O qeyd edib ki, valideynlər arasında maarifləndirmə işi aparılmalıdır:

“Ümumtəhsil müəssisələrində təcrübə də göstərir ki, 100% nəticə yoxdur. Bu gün bir çox valideyn öz büdcəsi hesabına övladını repetitor hazırlığına göndərir. Lakin həmin şagirdlər orada da özlərini doğrultmurlar. Demək istədiyim odur ki, oxumaq istəməyən onsuz da oxumayacaq. Bunun üçün də valideynlər arasında maarifləndirmə işi aparmaq lazımdır.

Əgər 9-cu sinifdən etibarən təhsilə maraq yoxdursa, təbii ki, biz görürük ki, bu kimi hallar adətən yuxarı sinif şagirdlərində müşahidə olunur. İbtidai və orta siniflərdə şagirdlər müəyyən qədər valideynə, məktəbə və müəllimlərə tabelik göstərirlər. Bu hallar əsasən 9-cu sinifdən sonra ortaya çıxır və həmin dövrdə artıq şagirdlər üçün müəyyən seçim imkanları yaranır”.

Azərbaycanda peşə təhsilinə kifayət qədər investisiya yatırılıb:

“Məsələn, bu gün Azərbaycanda və dünyada texniki-peşə məktəblərinə diqqət artıb. Azərbaycanda peşə təhsilinə kifayət qədər investisiya yatırılıb, yeni infrastruktur qurulub. Orada yaxşı təhsil alıb fərqlənənlər universitetlərə subbakalavr dərəcəsi ilə imtahansız qəbul oluna bilirlər. Bu sahədə çoxlu həvəsləndirici şərtlər mövcuddur.

Bundan başqa, yaxınlarda Elm və Təhsil Nazirliyi elan etdi ki, beynəlxalq səviyyəli sertifikat verən ixtisaslar ödənişlidir. Hətta deyə bilərik ki, bu ixtisaslar bəzən ali təhsil müəssisələrindən də yüksək ödəniş tələb edir. Məsələn, beynəlxalq səviyyəli dizaynerlik və IT ixtisasları. Bu sahələr üzrə 9-cu sinifdən sonra gedib peşə əldə etmək mümkündür. Əgər şagird özünü doğruldursa, həm əmək bazarında tez bir zamanda yaxşı iş tapa bilər, həm də ali təhsil müəssisəsinə imtahansız qəbul oluna bilər, əgər müvəffəqiyyətlə oxuya biləcəksə.

Əlbəttə ki, bu kimi hallar çox vaxt problemləri olan ailələrin uşaqlarında müşahidə olunur. Həmçinin övladına vaxt ayıra bilməyən valideynlərin də bu cür problemlərlə qarşılaşması mümkündür. Ona görə də belə desək, cəmiyyət övladlarımızı bizdən daha tez tərbiyə edir. Belə bir ifadə var və bu, təcrübədə də özünü göstərir”.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox