AzMİU-nun 50 illik yubileyilə əlaqədar olaraq Ümumdünya "Torpaq" günündə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi və Dayanıqlı İnkişaf Mərkəzinin dəstəyi ilə “Torpaq ekosistemlərinin mühafizəsi” adlı xüsusi tədbir keçirilmişdir.
AzEdu.az xəbər xəbər verir ki, tədbir, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (Sustainable Development Goals, SDG), xüsusilə SDG 15 – “Torpaqda həyat”, həmçinin SDG 6 – “Təmiz su və sanitar şərait” və SDG 13 – “İqlim dəyişikliyinə qarşı mübarizə” hədəflərinə töhfə vermək məqsədi daşımışdır.
Tədbirin əsas məqsədi — torpaq ehtiyatlarının mühafizəsi, torpaq deqradasiyası, eroziya, çirklənmə və iqlim dəyişmələrinin torpaq ekosistemlərinə təsiri barədə ictimaiyyətin məlumatlılığını artırmaq, tələbələrlə mütəxəssislər arasında elmi müzakirə platforması yaratmaq, həmçinin milli səviyyədə torpaq idarəçiliyi sahəsində dayanıqlı yanaşmaların təşviq edilməsidir. Bu təşəbbüs həm də SDG 4 – “Keyfiyyətli təhsil” çərçivəsində dayanıqlılıq yönümlü tədris və tədqiqat fəaliyyətinin dəstəklənməsi baxımından AzMİU-nun dayanıqlı inkişaf gündəliyinə uyğundur.
Tədbiri giriş sözü ilə Su tsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Elgiz Həsənov açmışdır. Tədbirin aktuallığı və Universitet üçün əhəmiyyətini, gələn qonaqlara, professor və müəllim heyətinə çatdırmışdır. Tədbirdə Bakı və Abşeron Yarımadasının vulkanlar qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev mövzu ilə bağlı, “Xüsusi mühafizə olunan təbiət əraziləri və onlarda mümkün ekoturizm potensialı” haqqında təqdimatla çıxış etmişdir.
Görüş zamanı torpaq resurslarının səmərəli idarə olunması, innovativ meliorasiya və su təsərrüfatı texnologiyalarının tətbiqi, aqroekoloji həllər, regionların torpaq bərpa potensialı və torpaq ekosistemlərinin davamlı qorunması kimi mövzular müzakirə olunmuşdur.
Tədbirdə Meliorasiya və Su Təsərrüfatı Tikintisi (STT) kafedrasının dosenti Könül Qafarbəyli çıxış edərək torpaq və su ehtiyatlarının idarə olunmasında ekosistem əsaslı yanaşmalar, iqlimə davamlılıq və milli səviyyədə torpaq mühafizəsi siyasətlərinin gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Mütəxəssis vurğulamışdır ki, torpağın sağlamlığı yalnız kənd təsərrüfatı üçün deyil, həm də su ehtiyatları, biomüxtəliflik, iqlimə davamlılıq və ümumi ekoloji sabitlik üçün həlledici əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində tələbələrin iştirakı ilə təqdimatlar, ekspert çıxışları və interaktiv sual-cavab sessiyaları təşkil olunmuş, torpaq mühafizəsinə dair müasir elmi yanaşmalar, ekosistem əsaslı idarəetmə modelləri, qlobal SDG indikatorları və beynəlxalq trendlər barədə geniş məlumat verilmişdir.
AzMİU-nun təşkil etdiyi Ümumdünya Torpaq Günü tədbiri, ölkədə ekoloji maariflənmənin artırılması, torpaq və su ehtiyatlarının davamlı idarə olunması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya olunmuş tədris və tədqiqat fəaliyyətinin gücləndirilməsi, eləcə də universitetin dayanıqlı inkişaf üzrə qlobal akademik qiymətləndirmələrdə mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.