Azedu.az

"Uşaqlar artıq sadəcə öyrənmir, düşünür və yaradır"

Xəbərlər

8 Dekabr 2025, 15:56
"Uşaqlar artıq sadəcə öyrənmir, düşünür və yaradır"

Cəmiyyətdə belə bir fikir dolaşır ki,  müasir təhsil sistemi uşaqlara əzbərçiliyi öyrədir, nəinki tənqidi düşünmə qabiliyyətini. Onlar məsələlərdə öz yanaşmalarını irəli sürə bilmirlər.

Həqiqətəndə təhsil sistemi həqiqətən də əzbərçilik üzərindəmi qurulub?

Mövzu ilə bağlı AzEdu.az-a "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyeva  danışıb.

Müsahibimiz qeyd edib ki, bu günün təhsil tendensiyalarına diqqət etsək, görərik ki, öyrənmə prosesi artıq “məlumatı yadda saxlamaq” üzərində qurulmur:

"Cəmiyyətdə uzun illərdir səslənən bir narahatlıq var: “Müasir təhsil sistemi uşaqları yalnız əzbərçiliyə yönəldir, tənqidi düşünmə və yaradıcı yanaşma isə arxa planda qalır.” Bu sual mənə veriləndə ilk düşündüyüm bu oldu ki, biz bəzən köhnə təcrübələrimizin yaratdığı təəssüratı indiki dövrün məktəbinə də şamil edirik. Halbuki bu gün təhsil dünyası köklü şəkildə dəyişib və öyrənməyin mahiyyəti tamam başqa bir səviyyəyə keçib.

Əgər bu günün təhsil tendensiyalarına diqqət etsək, görərik ki, öyrənmə prosesi artıq “məlumatı yadda saxlamaq” üzərində qurulmur. XXI əsr bacarıqları  tənqidi düşünmə, problem həll etmə, kommunikasiya, əməkdaşlıq, yaradıcı yanaşma  müasir kurikulumun əsasını təşkil edir. Şagirdlərin fikirlərini əsaslandırması, fərqli yanaşmalar irəli sürməsi, təqdimat etməsi, rəqəmsal platformalarda layihələr hazırlaması artıq gündəlik dərs prosesinin tələbinə çevrilib".

Bəzi icra məsələlərində hələ də köhnə stereotiplər özünü göstərir:

"Bugünkü təhsil artıq davranışçılığın “müəllim danışır, şagird dinləyir” modeli deyil. Konstruktivizm şagirdin bilik qurucusu olduğunu əsas tutur. Yəni şagirdin öz təcrübəsi, sualları və araşdırmaları əsasında bilik formalaşır. Sosial öyrənmə nəzəriyyəsi isə müzakirə, əməkdaşlıq və qarşılıqlı öyrənməni ön plana çəkir. Bu, uşağı passiv dinləyicidən aktiv iştirakçıya çevirir.

Hətta son dövrlərin ən mühüm dəyişikliklərindən biri  fərdiləşdirilmiş öyrənmə  şagirdin tempinə, maraqlarına və öyrənmə stilinə uyğun tədris mühitinin qurulmasıdır. Belə olduqda əzbərçilik özü-özlüyündə aktuallığını itirir, çünki bilik şagirdin fəaliyyətinin nəticəsinə çevrilir.

Bəs niyə hələ də “əzbərçilik var” düşüncəsi qalır? Bu fikrin formalaşmasının səbəbi adətən iki məsələ ilə əlaqəlidir:

  • Keçid dövrünün təsiri  illərlə ənənəvi tədrisə öyrəşmiş bir sistem birdən-birə tam çevrilmir. İslahatlar tətbiq olunsa da, bəzi məktəblərdə köhnə vərdişlər hələ də davam edir.
  • Qiymətləndirmədə gözləntilər  valideyn və ya cəmiyyət hələ də yüksək balı “çox məlumat bilmək” kimi dəyərləndirir, halbuki müasir qiymətləndirmə düşünmə prosesini ölçməlidir.

Yəni müasir təhsil sisteminin fəlsəfəsi əzbərçilik deyil, lakin bəzi icra məsələlərində hələ də köhnə stereotiplər özünü göstərir".

Problem daha çox bu fəlsəfənin bütün məktəblərdə eyni səviyyədə tətbiq olunmamasındadır:


"Bugünün sinif otaqları sürətli dəyişimin içindədir: rəqəmsal alətlər, layihə əsaslı öyrənmə, tədqiqat yönümlü dərslər, kodlaşdırma, robototexnika, oyunlaşdırma və hətta süni intellekt vasitələri tədrisin bir parçasına çevrilir. Uşaq təkcə məlumatı öyrənmir  onu tətbiq edir, analiz edir, yeni bir məhsula çevirir. Bunun nəticəsi olaraq şagird:
sual verməyi öyrənir, fikir formalaşdırır və əsaslandırır, yaradıcı həllər təklif edir, əməkdaşlıq edir və öz öyrənməsinə sahiblik edir.

Əslində XXI əsrin təhsili uşağa “nə düşünməli olduğunu” deyil, “necə düşünməli olduğunu” öyrədir.
Nəticə olaraq: təhsil sisteminin ruhu artıq əzbərçilik üzərində qurulmur. Problem daha çox bu fəlsəfənin bütün məktəblərdə eyni səviyyədə tətbiq olunmamasındadır. Amma istiqamət dəqiqdir və dəyişiklik aydındır: müasir məktəb yaradıcı, tənqidi düşünən, təşəbbüskar şagird yetişdirməyə yönəlib.

Məncə, bu gün ən vacib olan odur ki, biz müəllim, valideyn və cəmiyyət olaraq bu dəyişikliyə dəstək olaq və uşaqların sual verməsinə, araşdırmasına, fərqli düşünməsinə şərait yaradaq. Təhsilin əsas gücü də elə buradadır".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox