Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə daha bir paylaşıma rəy yazması diqqət çəkib.
AzEdu.az xəbər verir ki, nazir onu "tag" edən Aygül İsayevanın paylaşımıyla bağlı rəy yazıb:
"Çox hörmətli Aygul xanım, yazdığınız post keçirilmiş görüşlərin məzmununu əsaslı şəkildə təhrif edir və oxucuda yanlış təəssürat yaradır. Bu görüşlərdə iştirak etmiş şəxs kimi bir daha təsdiq edirəm ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin həm ilkin hazırlığı, həm də ixtisasartırma təlimləri əsas müzakirə mövzusu oldu və bir sıra razılaşmalara da vara bildik. Əsas məqam olaraq onu qeyd edim ki, həm ADA Universitetinin (və ya BDU-nun) Qazax şəhərində yerləşən filialı ilə əməkdaşlıqda birgə proqramların icrası, həm də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təlimçiləri tərəfindən Gürcüstanda ixtisasartırma təlimlərinin keçirilməsi qərarı verildi. 2026-cı ildə bu proqramların icrasına başlanılacaq ki, sizi də bu tədbirlərdə görməkdən məmnun olarıq.
O ki qaldı Qafqazşünaslıq ixtisası ətrafında olan müzakirələrə – bu məsələ tamamilə ayrı bir müzakirə mövzusu idi. Müzakirə olunan məqam əcnəbi tələbələrə (3-cü ölkə vətəndaşları üçün) yönəlik birgə proqram məsələsi idi.
Nəhayət ki, görüşün sonunun "gürcü rəqs və mahnıları ilə yekunlaşmasına" məsələsi – bu da yanlış məlumatdır.
Tədris Azərbaycan dilində aparılan məktəblərlə bağlı qeyd etdiyiniz məqamlar həqiqəti əks etdirir. Amma bu problemləri həll etmək üçün görülən işlərlərlə bağlı yanlış məlumatlar paylaşmağı faydalı hesab etmirəm. Mən əminəm ki, zamanla bu problemlər öz həllini tapacaq. Bu həllərin tapılmasının sürətlənməsi üçün isə daha çox bir-birimizlə əməkdaşlığı və məqsədyönlü işi vacib hesab edirəm.Uğurlar".
Aygül İsayeva isə belə cavab verib: Hörmətli Emin müəllim. Mənim yazdıqlarım Tbilisi Dövlət Universitetinin paylaşımları əsasındadır, mənbələri də skrin edərək paylaşmışam. Ona görə də heç bir təhrifə yol verilməyibdir. Siz çox gözəl anlayırsınız ki, mənim yazdığım “Azərbaycanşünaslıq” (daha yaxşı olardı ki, “Azərbaycan dili və ədəbiyyat” ixtisası) ixtisasının açılması ilə bağlıdır. İki il bundan qabaq bu ixtisasın açılması ilə bağlı müzakirələr aparılmışdı. Amma indi ancaq müəllimlərin təlim keçməsi və Tbilisi Dövlət Universitetində illərdir mövcud olan “Qafqazşünaslıq” ixtisası ilə bağlı oldu.
Müəllimlərin təlim keçməsi mənim üçün yeni xəbər deyil, Gürcüstanın təhsil naziri Givi Mikanadze görüşəndə də müzakirə etmişdik bunu. Yeri gəlmişkən, Givi Mikanadzeyə deyəndə ki, İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və ədəbiyyat” proqramı 20 ildir bağlanıbdır və Gürcüstanda yeni kadrlar hazırlanmır, bu xəbəri eşidəndə çox təəccübləndi. Dəfələrlə vurğuladı ki, ilk dəfədir ki, bunu eşidir. Halbuki, dəfələrlə Azərbaycanda olub, nazir təyin ediləndən sonra ilk səfərini Azərbaycana etmişdir. Mənimlə görüşməmişdən qabaq birinci sizinlə görüşmüşdü.
Biz, Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var: Gürcüstanda “Azərbaycanşünaslıq” və ya “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının açılmasını müzakirə etdinizmi və bu məsələdə dəstək olacaqsınızmı?
Məktəbdə işləyən fəaliyyətdə olan müəllimlərə təlim keçməklə problem həll edilmir, yeni kadrların Gürcüstanda yetişdirilməsinə ciddi ehtiyac var. Fəaliyyətdə olan müəllimlər özləri də sertifikasiya imtahanlarına hazırlaşa-hazırlaşa təlimlərə qoşulurlar. Mən özüm də pulsuz təlimlərin təşkil edilməsinə dəstək olmuşdum.
“Gürcü rəqs və mahnılarla görüşün bitməsi” isə yalan məlumat deyil. Şəkili paylaşıram.
Sizə də uğurlar arzu edirəm. Mən sıravi vətəndaş olaraq hər cür dəstəyi verirəm və bundan sonra da əlimdən gələni edəcəm. Birgə əməkdaşlığa da hazıram. Amma bizə nəticə lazımdır, 5-6 ildir ancaq danışıqların şahidi oluruq, nəticə isə yoxdur. Zaman isə bizim əleyhimizə işləyir".
Daha sonra nazir bunun yanlış olduğunu bildirib:
"Çünki rəqs görüşdən əvvəl olub:) təbii ki, bu ən vacib məsələ deyil. Amma şəkildən necə başa düşünürsünüz ki, görüş konsertlə yekunlaşıb? Başqa sözlə şəklin mövcudluğu onun hansı zamanda (əvvəl və ya sonra) olduğuna sübut ola bilməz.
"Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasının açılması - bəli bu məsələ müzakirə edildi. Bu tip proqram Azərbaycan ali təhsil müəssisələrinin iştirakı ilə daha səmərəli şəkildə fəaliyyət göstərə bilər. "Azərbaycanşünaslıq" isə tamamilə fərqli istiqamətdir, və daha çox əcnəbilər üçün nəzərdə tutula bilər.
İstəməzdim elə fikir formalaşsın ki, Sizin sadaladığınız problemləri biz bilmirik və ya onların həllini vacib hesab etmirik. Qeyd etdiyim kimi hər bir problemin həlli zaman tələb edir. Əminəm ki, zamanla bu problemlər də həllini tapacaq".
Əmrullayevin bu davranışı sosial şəbəkədə marağa səbəb olub.
Sözügedən rəyləri təqdim edirik:

