Kahramanmaraşda 6 fevral zəlzələsinin vurduğu ağır zərbənin izləri hələ də silinməyib. Şazibey məhəlləsində yerləşən Ayşe Gümüşer İlkokulu, faciənin ən çox itki verən təhsil ocaqlarından biri olaraq xatırlanır. Zəlzələ zamanı məktəbin 1407 şagirdindən 250-si və 6 müəllimi həyatını itirmişdi.
Azedu.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məktəb direktoru Murat Tüten bildirir ki, həlak olanların böyük hissəsi Şazibey məhəlləsindəki Ebrar Sitesi sakinləri idi. Onun sözlərinə görə, məktəbdə həm müəllim, həm də onlarla birlikdə böyüyən uşaqlar üçün bu itkilərin acısı hələ də çox dərindir.
Zəlzələdə 44 şagirdindən 15-ni itirən sinif müəllimi Dilek Çubuk da bu gün də həmin ağrını unuda bilmədiyini deyir. O, xüsusi günlərin əvvəlki kimi olmadığını vurğulayaraq bildirir:
“Ən böyük arzum odur ki, sağ qalan uşaqlarımızın əllərindən tutulsun, onlara dəstək verilsin və heç bir imkan çatışmazlığı yaşamasınlar.”
Müəllim deyir ki, məktəbdə həyatını itirən şagirdləri ilə eyni adı daşıyan və ya onlara bənzəyən uşaqları gördükcə içindəki kədər yenidən canlanır. Onun sözlərinə görə, zəlzələ zamanı yetim və öksüz qalan bir neçə şagird də təhsillərinə davam edir və onların psixoloji, sosial və akademik dəstəyə böyük ehtiyacı var.
Çubuk sonda bildirir: “Ölüm soyuq bir kəlmədir, uşaqlara heç yaraşmır.”