XƏBƏRLƏR

18.01.2020 12:19
“Dünya xalqlarının dilləri” layihəsi çərçivəsində Çində Azərbaycan dili haqqında kitab nəşr olunacaq

Çinin paytaxtı Pekindəki Dillər və Mədəniyyət Universitetində dünya dillərinin qorunması məqsədilə 3-cü “Dil resursları və bilikləri” beynəlxalq elmi konfransı və “Dünya xalqlarının dilləri” layihəsinin təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev konfransda “Azərbaycanda multikulturalizm siyasəti çərçivəsində azsaylı xalqların dillərinin vəziyyəti” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycanın dil siyasəti barədə məlumat verilib, müxtəlif dövrlərdə, xüsusən müstəqillik illərində Azərbaycanda dövlət dilinin və azsaylı xalqların dillərinin vəziyyəti, inkişafı və qorunması istiqamətində görülmüş işlərdən, bu mövzuya aid qanunlardan, onların icrasından danışılıb. Qeyd olunub ki, müxtəlif dillərin, dinlərin, mədəniyyətlərin qovuşduğu Azərbaycan tarixən özünün multikultural ənənələri ilə diqqəti cəlb edib. Elə Azərbaycanda yaşamış və yaşayan azsaylı xalqların dillərinin, mədəniyyətinin dövlət və cəmiyyət tərəfindən qorunması, inkişafı da ölkəmizin multikultural mühitinin parlaq nümunəsidir.

A.Əliyev bildirib ki, Pekin Dillər və Mədəniyyət Universitetinin 150 ölkəni əhatə edən “Dünya xalqlarının dilləri” layihəsi çərçivəsində onun müəllifliyi ilə Azərbaycan dili haqqında Çin dilində kitab hazırlanacaq. Nəşr Azərbaycan dilinin tarixi, daxili strukturu, fonetik və qrammatik quruluşu, dövlət dili, dövlət dil siyasəti, dil təhsili, dialektlər, azsaylı xalqların dilləri, Azərbaycanda xarici dillərin, o cümlədən Çin dilinin tədrisi, mediada və ictimai yerlərdə dilin istifadə vəziyyəti barədə mövzuları əhatə edəcək. (AZƏRTAC )