XƏBƏRLƏR

11.12.2019 17:36
Ceyhun Bayramovun təhsili xeyli inkişaf etdirəcək builki əmrləri – Təhlil

Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlər ölkə təhsilinin strategiyasına birbaşa təsir göstərir. Bu əmrlər orta, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti, həmçinin müxtəlif müsabiqələrin təşkili ilə bağlıdır.

AzEdu.az təhsil naziri Ceyhun Bayramovun 2019-cu ildə imzaladığı əmrlərdən bir qismini təqdim edir:

Bir neçə gün öncə təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Əmrdə qeyd edilib ki, şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Daha bir əmr isə hər il olduğu kimi ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilməsi ilə bağlıdır.

Əmrdə tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Bundan əlavə, yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütailə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunub. Bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr verib.

Son günlər sıx müzakirə olunan əmr isə Ceyhun Bayramovun “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmridir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr də bu siyahıdadır. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Əmrə görə, İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

Ötən tədris ilində Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və tədrislə bağlı tədbirlər təxirə salınıb.

Bundan əlavə, təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıq verib. Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar.

Növbəti əmr isə Təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi iləbağlı olub. Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla iki gün ərzində keçirilib.

Təhsil naziri Ceyhun Bayramov müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə də əmr imzalayıb.

2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilməsi barədə əmr də yadda qalıb. Əmrə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyl və maraqlarının gücləndirilməsidir.

Növbəti əmr “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin tətbiqinə başlanılması ilə əlaqədardır. Əmrə əsasən, Bakı şəhəri, Hövsan qəsəbəsində, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan ümumtəhsil məktəbinin bütün ibtidai siniflərinin “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin texnologiyaları əsasında təmir və təchizatı təşkil olunub.  2019-2020-ci tədris ilində siyahı üzrə 34 ümumtəhsil müəssisəsinin 51 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçirilib.

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə də əmr imzalayıb. Əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan sentyabrın 25-dək davam edib.

Cənab nazirin növbəti əmri isə Bakı Dövlət Universitetinin 100 iliiyi münasibəti ilə universitetin bir qrup əməkdaşının “Bakı Dövlət Universitetinin 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə olub.

 “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllim, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr də siyahıya daxildir.

“Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişikliklərin edilməsi barədə əmrləri də xatırlamaq lazımdır. Müvafiq əmrə əsasən, müsabiqənin test imtahanı mərhələsində toplanmış keçid balı 2 tədris ili ərzində qüvvədədir və namizədə növbəti tədris ili üçün keçirilən müsabiqədə test imtahanı vermədən vakant yerlərin seçimi mərhələsində iştirak etmək hüququ verir. Keçid balı toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikdə, vakant yerlərə yerləşdirilmə zamanı onların topladığı daha yüksək bal əsas götürülür.

Direktorların işə qəbulu müsabiqəsinin qaydalarına dəyişiklik edilməsi barədə əmrə əsasən isə dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

Bunlardan əlavə, təhsil naziri Ceyhun Bayramov hər tədris ilində olduğu kimi bu il də “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin keçirilməsi haqqında, Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında, tam orta təhsil səviyyəsində tədris planlarının təsdiqi haqqında da əmrlər imzalayıb.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları