XƏBƏRLƏR

07.09.2019 15:15
Kinoteatra getmənizə gərək qalmadı – Zaqatala gənclərindən qeyri-adi startap  

“Startapımız Şəki-Zaqatala bölgəsində yaşayan gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün nəzərdə tutulub. Layihəmiz müasir səyyar kinoteatr xidmətini göstərəcək. Gənclərimiz ənənəvi şəkildə kinoteatra biletlər alıb, film seansına getməyəcəklər. Kinoteatrlar səyyar şəkildə onların yaşadığı məkana gələcək”, – bunu  açıqlamasında Səyyar kinoteatr layihəsinin müəllifi, gənc startapçı Əli Əhmədzadə bildirib.

Əli Əhmədzadə qeyd edib ki, Səyyar kinoteatr çərçivəsində nümayiş olunacaq filmlər açıq havada keçiriləcək: “Film nümayişləri hava durumundan aslı olaraq, əsasən, rayon parklarında olacaq. Biletlərin satışı isə onlayn şəkildə aparılacaq. Bilet satışları, film fraqmanları və afişaları üçün xüsusi platforma yaradılacaq”.

Startapçı həm tələbələr üçün ekranlaşdırılan, həm də dünyaca məşhur filmləri nümayiş etdirəcəklərini vurğulayıb: “Sevilən retro kinolarımıza da xüsusi yer ayırmağı düşünürük. İnanırıq ki, Səyyar kinoteatr layihəsi ilə arzu etdiyimiz kimi xalqımıza xidmət edə biləcəyik”.

Ə.Əhmədzadə bu layihə ilə I2B – İdeyadan Biznesə layihəsi çərçivəsində keçirilən “İnnocamp” innovasiya yay düşərgəsinə qatıldığını da əlavə etdi: “Zaqatala rayonunu təmsil edərək, Səyyar kinoteatr lahiyəmizlə innovasiya yay düşərgəsinə qatıldıq. Düşərgə çərçivəsində təlimlərə qoşulduq, peşakar insanlardan startapımızla bağlı dəyərli məsləhətlər aldıq” (TED.az)

İlin gənc müəllimi-Müraciət formu