XƏBƏRLƏR

08.08.2019 14:47
Bütün müəllimlərin bilməli olduğu düstur – Dərs saatları buna əsasən müəyyələşdirilir

Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir.

Həmin sənədlərə əsasən, müəllimin dərs yükünün aşağı həddi - bir stavka 12 saat müəyyənləşib. Dərs yükünün yuxarı həddi isə ayrı-ayrı dövrlərdə müxtəlif olub. Dünyanın bir sıra ölkələrində isə ümumtəhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) hesablanır, maksimum həddə məhdudiyyət qoyulmur.

Tabeliyindən asılı olmayaraq,  bütün dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri professor-müəllim heyətinin dərs yükü Nazirlər Kabinetinin qərarına uyğun müəyyənləşdirilir. Ümumi təhsil məktəblərində dərs bölgüsü ildə iki dəfə - tədris ilinin sonunda - müəllimlər növbəti əmək məzuniyyətinə getmədən, ikinci və sonuncu dərs bölgüsü isə müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra, avqustun axırı  - sentyabrın əvvəli yekunlaşır və yeni tədris ilinin birinci Pedaqoji Şurasında təsdiq olunur.

Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin kimya müəllimi Elşən Ramizoğlu AzEdu.az-a açıqlaması zamanı qeyd edir ki, il boyu dərs saatları sabit qalmalı, zəruriyyət olmadıqda dəyişdirilməməlidir:

“Dərs bölgüsü zamanı məktəbdə olan müəllimlərin sayı, Diaqnostik Qiymətləndirmə balları nəzərə alınmalı və buna uyğun aparılmalıdır. Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Düstur: Fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır.

“Misal üçün, məktəbdə kimya fənni üzrə ümumi dərs saatlarının miqdarı 27, kimya müəllimlərinin sayı isə 3-dür. Müəllimlərdən biri ixtisas üzrə 38, digəri 30, biri isə 26 bal toplayıb . Deməli, biz əmsalı tapmaq üçün 27- ni (ümumi dərs saatlarının sayını ) müəllimlərin diaqnostik ballarının cəminə bölməliyik . Bu zaman əmsalımız  0.3 alınar. O zaman 38 bal toplayan müəllim 0,3 x38 = 11, 4, yəni 11 saat , 30 bal toplayan müəllim 0.3x 30 = 9 saat , 26 bal toplayan müəllim 0.3 x 26 = 7,8, yəni 8 saat dərs aparmalıdır. Əgər fənn üzrə ixtisaslı müəllim bir nəfərdirsə, diaqnostik bal nəzərə alınmır və bütün dərslər həmin müəllimə verilir”,- deyə Elşən Ramizoğlu bildirir.

O, əlavə edir ki, direktorlara verilən təqdimatda MİQ-dənkənar, saxta diplomlu müəllimlərə 6 saat dərs vermək nəzərdə tutulub:

“Hazırlıq qrupu isə 4-cü sinif müəllimləri arasında yüksək bal yığana verilir. Düşünürəm, dərs bölgüsü bu formada aparılsa, müəllimlər arasında narazılıqlar yaranmaz və hər kəs balına uyğun saat aldığı üçün əlavə problemlər yaratmaz. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki , dərs bölgüsü vaxtında aparılmalıdır ki , dərs cədvəli də vaxtında təşkil olunsun. 14 sentyabr tarixində artıq dərs cədvəli müəllim və şagirdlərin yaxşı görəcəyi bir yerdə direktor tərəfindən təsdiq olunmuş formada asılmalıdır. Təəssüf ki, 2018-2019-cu tədris ilinin başlanmasına 1 gün qalsa da, bəzi məktəblərdə dərs cədvəli hazır deyil və müəllimlərin dərs yükü isə tam müəyyənləşməyib.

Nə qədər ki, məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb üzrə Azad Həmkarlar Təşkilatının sədri, eyni kafedraya daxil olan fənn müəllimləri ilə birlikdə aparılmalı olan dərs bölgüsü təhsil müəsisələrində sırf direktorun arzu – istəklərinə görə müəyyənləşir, belə olan halda şikayətlər həll olunmayacaq, problemlər qabaracaq. Bəzi direktorların, ümumiyyətlə, dərs bölgüsünün aparılma qaydasından xəbərləri yoxdur. Allah direktorlara insaf, az bal toplayanlara çalışqanlıq, çox ballılara təvazökarlıq, bütün bunların fonunda Təhsil Nazirliyinə isə bol səbr versin”.

İlin gənc müəllimi-Müraciət formu