Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 14:25:00
“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov  

“Ötən ildə 29 nəfər maksimum nəticə göstərmişdi və 600 bal toplayanların sayında da artım var idi.  Biz başa düşürdük ki, qəbul imtahanlarında yeni qaydaların gətirilməsi maksimum göstəricilərə təsir edə bilər”.

AzEdu.az xəbər verir ki, bu  sözləri təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişində deyib.

Nazir bildirib ki, buraxılış və qəbul imtahanlarında edilən dəyişiklərin maksimum göstəricilərə təsir göstərəcəyini bilirdik:

“Qlobal əmək bazarı bu gün yeni tələblər irəli sürür. Əmək bazarında bir sıra bacarıqlar var ki, onların xüsusi dəyəri artır. Bu,  yaradıcı təfəkkürün mövcudluğu, özünü təqdim etmə,  informasiyanı təhlil etmək və ondan  düzgün nəticə çıxarmaq bacarığıdır.

Qəbul imtahanlarında yeni qaydalar tətbiq olunmadan öncə son illərin statistikasına nəzər saldıqda, maksimum bal toplayanların sayı ilbəil artırdı. Bu da təbii idi. Çünki artıq sistemə abituriyentlər öyrəşir  və ona daha yaxşı hazırlaşmaq üsullarını tapırdılar.

Tutaq ki, ötən ildə 29 nəfər maksimum nəticə göstərmişdi və 600 bal toplayanların sayında da artım var idi.  Biz başa düşürdük ki, qəbul imtahanlarında yeni qaydaların gətirilməsi maksimum göstəricilərə təsir edə bilər. Həmçinin, insanlar tərəfindən də müəyyən tənqid obyekti ola bilər. Çünki insanlar düşünə bilər ki, məzmun qiymətləndirilmə dəyişdisə, deməli, nəticə pisləşib, maksimum göstərici əldə edə bilmirik. Amma özümüz-özümüzü aldatmamalıyıq. Ona görə də qiymətləndirilməyə yenilik gətirmək lazımdır. Çünki bu yenilik nəticə baxımdan çox vacibdir. Deməli, bunu etmək labüddür”. 

Ceyhun Bayramov bildirib ki, qiymətləndirmədə edilən yeniliklər zamanla öz müsbət təsirini göstərəcək:

“Düşünürəm ki, şagirdlərimizin gələcəyinə müsbət təsir  edəcək addımları atmalıyıq. Məsələn, xarici dildə mətni eşidib onu anlaya bilməyənlər qiymətləndirmədə 100% nəticə əldə edirlərsə deməli bu problemdir. Ona görə də problemi qəbul edib bir sıra yeniliklər etməliyik. Çünki bu şagirdin problemi deyil. Ona görə ki, şagirdə qoyduğumuz tələbə uyğun 100% nəticə əldə edib. Qiymətləndirmədə xarici dil üzrə 100% nəticə əldə edən şagirdin dil bacarığında  hər hansı problemi varsa deməli bizim üçün siqnal olmalıdır. Əminəm ki, qiymətləndirmədə edilən yeniliklər öz müsbət təsirini göstərəcək”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları