Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 15:35:00
Olimpiada qızılını qazanan Rəvan: “Atama söz vermişdim, dediyimi də etdim”-MÜSAHİBƏ  

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla, ümumilikdə  274 şagird qalib elan olunub.

127 nəfəri isə bölgə məktəblərinin şagirdləridir.

AzEdu.az xəbər verir ki, Ağcabədi rayon Cəfərbəyli kənd tam orta məktəbinin  X sinif şagirdi Rəvan Cəfərov da onlar arasındadır.

O, kənd məktəbində təhsil alan RəvanTarix üzrə qızıl medal qazanıb.

“VIII sinifdə oxusam da, IX sinfin olimpiadasında iştirak etdim”

Hələ 2 il əvvəl Rəvanın qəlbində bir arzu baş qaldırıb: “Gümüşü qızıla çevirmək”... Bu medal isə ona illər əvvəl qazandığı təcrübə sayəsində qismət olub:

“2017-ci ildə Tarix üzrə  gümüş medal qazanmışdım. Onu qızıl medalla əvəz etmək istəyirdim. Çox şükür, alındı.

2 il əvvəl qızıl medal qazanmağıma cəmi 1 bal mane oldu. 44 bal tələb olunurdu, mən isə 43 bal toplamışdım. Üstəlik, ilk dəfə idi ki, olimpiadada iştirak edirdim, bəzi çətinliklərim vardı. VIII sinifdə oxusam da, IX sinfin olimpiadasında iştirak edirdim. Buna baxmayaraq, gümüş medalı əldə edə bildim”.

Artıq ikinci dəfədir ki, olimpiadalarda iştirak edən Rəvan Cəfərov müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Nazirlər Kabinetinin universitetlərə müsabiqədənkənar qəbulla bağlı verdiyi qərara uyğun olaraq, imtahansız qəbul haqda da düşünüb:

“Yəqin, müsabiqədənkənar qəbulda iştirak edəcəyəm. Amma hansı fakültəni seçəcəyimi hələ bilmirəm.

Bu uğurumda hazırlaşdığım kurs və müəllimlərin haqqı çoxdur. Bəzi şeylər var ki, onlar orta məktəb dərsliklərində yoxdur. Buna görə də olimpiada üçün xüsusi hazırlıq tələb olunur.

X sinif şagirdi olimpiadada həm də XI sinif suallarını cavablamalı olur. Bunu nəzərə alsaq, məktəbimdən də dərsliklərlə təminat baxımından mənə çox dəstək oldular. Olimpiadada X və XI siniflər yuxarı yaş qrupu hesab edildiyinə görə, XI sinif proqramından sual salınması təbiidir. Amma maraq, həvəs olandan sonra yuxarı sinif proqramını mənimsəmək elə də çətin olmur”.

“Yalnız öz istəyinin ardınca sonacan gedənlər uğur qazanırlar”

Çoxları düşünür ki, orta məktəb proqramı kifayət qədər ağırdır. Buna görə də, olimpiadaya hazırlaşmaq üçün əlavə vaxt qalmır. Rəvan Cəfərov isə bu düşüncə sahiblərinə belə cavab verir:

“Yəqin, onu deyən şagirdlər əzmkar deyillər. Buna görə də bəhanələrə sığınırlar. İstənilən müsabiqədə yalnız öz istəyinin ardınca sonacan gedənlər uğur qazanırlar.

Bir qədər motivasiya da önəmlidir. Məsələn, məndə olimpiada istəyini atam  formalaşdırdı. Ona söz verdim ki, bu il qızıl medal gətirəcəyəm. Dediyimi etdim”.

“Hər imtahandan sonra növbəti mərhələ üçün nümunə testlər nəşr edilsin”

Rəvan olimpiadada uğur qazanmaq üçün çatışmayan bəzi vasitələri də dilə gətirib. Bildirib ki, müsabiqənin mərhələləri üzrə nümunə testlərinin çapı çox vacibdir:

“Hazırlaşan uşaqlar hər dəfə busəbrsizlikləgözləyirlər. Məsələn, bu il jurnal çap edildi. Bu, çox mütərəqqi addım idi. Yaxşı olardı ki, hər imtahandan sonra növbəti mərhələ üçün nümunə testlər nəşr edilsin. Hər şagird üçün onların rolu çoxdur. Məntiqi təfəkkürü inkişaf etdirir, düşünmək bacarığı formalaşdırır və s”.

Tarix imtahanında ingiliscə suallar

Olimpiadanın gedişi, sualların çətinlik səviyyəsinə gəlincə isə o, belə cavab verib:

“Yarış zamanı mənə 90 dəqiqə ərzində cavablamaq üçün 5 sual təqdim edildi.

Düzü, çox çətindi. Amma yaxşı oxuyan öhdəsindən gələ bilərdi. Hər halda suallar təkcə Tarixi əhatə etmirdi. Təsəvvür edin, Coğrafiya, Riyaziyyat, hətta İngilis dilindən də suallar var idi. Yəni o tapşırıqları həll etmək üçün bu fənləri bilmək lazım gəlirdi. Məsələn, tapşırıqların birində üzərində ingiliscə sözlər yazılan ingiliscə bir plakat verilmişdi. Sualda bu mənbəni şərh etmək tələb olunurdu..

Bu baxımdan, orta məktəb proqramından əlavə də vəsaitlərə ehtiyac var. Amma elə orta məktəbdə də hazırlaşmaq mümkündür. Əsas odur ki, məqsəd, istək olsun”.

Rəvanın növbəti hədəfi beynəlxalq olimpiadalarda iştirak etməkdir. Düşünür ki, bunun üçün şagirdlə yanaşı, müəllimlər beynəlxalq səviyyədə hazırlıqlı olmalıdırlar. Bu baxımdan müəllimlərindən yaxşı mənada istifadə etdiyini bildirib.

“Şəhər məktəbində medal qazanmaq daha asandır”

Kənd məktəbində oxuyaraq olimpiadada uğur qazanmağın çətinliklərinə gəlincə isə o, belə cavab verib:

“Təbii ki, şəhər məktəbində medal qazanmaq daha asandır. Orada mənbələr də çoxdur. Amma bu, rayon uşaqlarına arxayınlaşmaq üçün əsas vermir. Əsas olan əzmkarlıq, bacarıq və oxumaqdır.

İstərdim, bölgə məktəblərinin V, VI, VII siniflərində xüsusi imtahanlar keçirilsin. Bu, potensiallı uşaqları kəşf etməkdə yardımçı olacaq.

Kənd məktəblərində oxuyaraq olimpiadaya hazırlaşanlara isə məsləhət görürəm ki, daha çox məlumat əldə etməyə çalışsınlar. Kitabı əllərindənqoymasınlar”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları