XƏBƏRLƏR

26.04.2019 09:26
Xarici ölkədə təcrübə keçmək istəyən rezidentlər hara və necə müraciət etməlidirlər? - Vacib detallar  

Azərbaycan Tibb Universiteti məzunları həkim mütəxəssis kimi formalaşmaq, ixtisas sahibi olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar. Rezidentura müddəti ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər dəyişir.

Həkim mütəxəssislərin hazırlanması müxtəlif klinik bazalarda həyata keçirilir. Bəzən rezidentlər daha yaxşı bilik və bacarıqlara yiyələnmək üçün əcnəbi ölkələrə üz tuturlar. Bəziləri isə bu təhsili Azərbaycanda alır, amma bir neçə ay əcnəbi ölkədə də təcrübə keçmək şansı qazanırlar. Bu, rezidentin rotasiyası adlanır.

Xarici təcrübədən daha sərfəli yararlanmaq üçün rotasiya keçmək əksər tibb məzunlarının arzusudur. Amma bəziləri bunun üçün hara, necə müraciət etməli olduqları və hansı şərtlərin mövcudluğundan xəbərsizdirlər.

“Rezidentlərin 70 %-dən çoxu bu ölkəyə müraciət edir”

AzEdu.az rezidentlərin rotasiyası ilə bağlı vacib məqamları öyrənmək üçün Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, rezidentlər rotasiya üçün əsasən, Türkiyə klinikalarına müraciət edirlər. Amma universitet digər ölkələrlə də müqavilə bağlayaraq həkim mütəxəssislərin təcrübə toplamasınaşərait yaradır:

“Rotasiya universitetimizin müqavilə bağladığı klinikalarla mümkündür və 2 həftədən 6 aya qədər davam edə bilir.

Türkiyənin 10-dan artıq universitet və klinikası ilə müqaviləmiz var.  Xaricə üz tutan rezidentlərimizin 70%-dən çoxu bu ölkəyə müraciət edir. Bundan əlavə, dəvət məktubu əsasında Almaniya, Fransa, Norveç və Amerikaya da rezident göndəririk. Rezidentin dil biliyi də qaydasında olmalıdır.

Rotasiya üçün hər hansı ödəniş tələb olunmur. Rezident yalnız gediş-gəliş və qidalanma xərcini özü ödəməlidir. Amma rotasiya keçdiyi klinikaya heç bir ödəniş etmir. 6 ay harasa gedirsə, həmin rezidentin maaşı da yüklənir. 60% universitet güzəşt edir. Qalanları isə öz hesablarına həyata keçirilir”.

Rotasiya keçmək istəyən rezident hara və necə müraciət etməlidir?

Rizvan Məmmədovun sözlərinə görə, rotasiya  keçmək istəyən rezident Azərbaycan Tibb Universieti, rezidentura şöbəsinə müraciət etməlidir.

Qeyd:

Rotasiya keçmək üçün rezidentdən müraciətlə bağlı ərizə, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti, rezidentura təhsili aldığı tibb müəssisəsindən xasiyyətnamə, xarici dil səviyyəsi barədə sənəd tələb olunur.

Kimlər rotasiya keçə bilərlər?

O bildirib ki, heç də bütün kursların rotasiya keçmək hüququ yoxdur:

“I kurslar rotasiya üçün müraciət edə bilməzlər. Çünki onla hələ kliniki vərdişlərə tam yiyələnməyiblər. Gedib xaricdə işləmək üçün öncə tibbi biliklərə malik olmalıdırlar. Rezidenturanı bitirməyə 5-6 ay qalmış da müraciət etmək olmaz”.

Rotasiya edəcək rezidentlər nəyə əsasən seçilirlər?

Rizvan Məmmədovun sözlərinə görə, bu məsələdə hər hansı seçim tətbiq olunmur:

“Sadəcə rezidentin davamiyyəti, nizam- intizamı, ölkəmizi xaricdə təmsil etmə bacarıqlarına fikir verilir. Onsuz da bizim rezidentlər elə seçilmiş şəxslərdir. Bu səbəbdən, demək olar ki, müraciət edənlərdən kiməsə imtina cavabı verilmir. Nadir hallarda rezidentin nizam-intizamında problem olur və onu qəbul etmirik. Ümumilikdə isə bu məsələdə hər hansı seçim yoxdur. Rotasiya  rezidentin istəyinə görə həyata keçirilir. Rotasoya keçmək istəyən rezident istənilən vaxt müraciət edə bilər”.

Ölkə daxilində rotasiya mümkündür?

“Xeyr, rezidentin ölkə daxilində bir kliniki bazadan digərinə köçürülməsi mümkün deyil. Onları bölgələrə göndərmirik. Çünki burada əsas məqsəd daha yaxşı və müasir klinikalarda tibbi bacarıqlara yiyələnməkdir. Əksinə, digər bazalardan bizə gəlirlər. Amma bizdə buna ehtiyac olmur. Əvvəl Baku Medical Plazaya rotasiya edirdik. İndi isə artıq bu klinika ilə müqavilə bağlanıb və onlara rezident göndərmişik. Buna görə də artıq bu klinikaya rotasiyaya ehtiyac qalmır”. 

Qeyd edək ki, rezident qəbul olunduğu kliniki bazada kuratorun nəzarəti altında fəaliyyət göstərir. Hər tədris ilinin əvvəlində rezidentlə kliniki baza arasında əmək müqaviləsi bağlanır və rezidentura müddəti onun üçün staj kimi yazılır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu