Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir.
Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.