Seul Milli Universitetinin alimləri apardıqları son araşdırmada bəzi bağırsaq bakteriyalarının kəskin damar xəstəliklərinin inkişafında mühüm rol oynaya biləcəyini müəyyənləşdiriblər.
AzEdu.az xəbər verir ki, bu barədə "Science Daily" və "SciTechDaily" kimi nüfuzlu elmi portallar məlumat yayıb.
Tədqiqatçılar minlərlə pasiyentin analizlərini müqayisə edərək 15 növ bağırsaq bakteriyasının koronar arter (ürəyi qidalandıran damar) xəstəliyi riski ilə birbaşa əlaqədə olduğunu aşkar ediblər. Alimlərin sözlərinə görə, bu bakteriyalar orqanizmdə iltihabi reaksiyaları artıraraq damar divarlarının zədələnməsinə və qan dövranının pozulmasına səbəb ola bilər.
Araşdırmanın rəhbəri, professor Kim Sun-woo bildirib ki, ürək-damar xəstəliklərinin yalnız genetik və həyat tərzi faktorları ilə deyil, mikrobiom ,yəni bağırsaq florası vasitəsilə də formalaşdığı artıq sübuta yetirilib:
“Bağırsaq bakteriyalarının təsir mexanizmlərini öyrənmək, gələcəkdə ürək-damar xəstəliklərinin qarşısının alınması üçün yeni müalicə strategiyaları yaratmaq baxımından çox mühümdür,” – deyə o vurğulayıb.
Hazırda alimlər həmin bakteriyaların niyə və necə bu qədər zərərli təsir göstərdiyini araşdırır. Gələcək mərhələdə onların tərkibindəki fermentlərin və metabolitlərin xəstəlik prosesinə təsiri öyrəniləcək.
Bu tədqiqat ürək-damar xəstəliklərinin profilaktikası və fərdi müalicəsində mikrobiom əsaslı yanaşmaların tətbiqinə yeni imkanlar aça bilər.