Azedu.az

Xaricdə təhsil almaq istəyənlər bu NÜANSLARA diqqət etməlidirlər

15 İyul 2024, 14:13
Xaricdə təhsil almaq istəyənlər bu NÜANSLARA diqqət etməlidirlər

Xaricdə təhsil alan tələbələr diplomlarının Azərbaycanda tanınıb, tanınmaması ilə bağlı narahatlıq duyurlar. Hətta bir çoxları I, II kursda oxuyarkən diplomlarının Azərbaycanda yararsız hesab olunacağı xəbərləri ilə rastlaşırlar.

 

Bəs, görəsən, xarici ölkələrin diplomları hansı hallarda ölkəmizdə tanınmır?

 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Ramin Nurəliyev AzEdu.az-a müsahibə verib.

 

“Xaricdə təhsil almaq istəyən hər kəs bilməlidir ki, Azərbaycan təhsil sistemində distant təhsil forması yoxdur. Buna görə də xarici universitetlərdə distant təhsil formasının diplomları heç bir şəkildə ölkəmizdə təsdiq olunmur. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən də bildirdiyi kimi müharibədən sonra Ukraynada əyani formada olsa belə, distant şəkildə verilən təhsilin  diplomları tanınmır. Amma buna baxmayaraq valideynlər bəzi xaricdə təhsil şirkətlərinin bəh-bəhlə təriflədiyi “Ukraynada əyani təhsil şansı” kimi reklamlara inanaraq müəyyən vəsaitlər ödəyib, aldanırlar. Yekunda diplomlarının tanınmadığı hallar üzə çıxanda isə artıq hər şey üçün gec olur. Bundan əlavə bilinməlidir ki, hər hansısa bir ölkədə əyani təhsil alan tələbə təhsil müddəti ərzində o ölkənin ərazisində qalıb, oxumalıdır. Əgər təhsil qiyabi formadadırsa, o halda tələbə ildə 2-3 dəfə həmin ölkəyə giriş-çıxış etməlidir. Çünki agentlik hər hansısa bir diplomun təsdiq olunması zamanı şəxsin ölkəyə giriş-çıxışlarına diqqət yetirir. Yəni tələbə müəyyən vaxtı o ölkədə olmayıbsa, o tələbənin diplomu qətiyyən təsdiq olunmur və geri qaytarılır.

 

Bəzi valideynlər Türkiyədə qızların qiyabi təhsil almasına maraqlı olurlar. Onlar düşünürlər ki, “övladım həm yanımdadır, həm də xaricdə təhsil alır”. Ancaq Türkiyədəki qiyabi təhsil Azərbaycanda qəti şəkildə tanınmır. Bu haldan çox vaxt valideynlər gec xəbər tutur, o zaman da “iş-işdən keçmiş olur”. Düzdür, həmin diplomla Türkiyədə əmək fəaliyyətinə başlamaq olur, amma ölkəmizdə diplom yararsız hesab edilir.

Çoxları düşünür ki, özəl şirkətlər tanınmayan diplomlara əhəmiyyət vermir, işə götürür, amma bu yalnış düşüncədir. Qətiyyən tanınmayan diplomla işləmək mümkün deyil”.

 

 

Müsahibimiz övladı xaricdə təhsil almaq istəyən valideynlərə tövsiyələr verib:

 

“Tövsiyə edirəm ki, valideynlər övladlarını xarici universitetlərə göndərdikləri zaman aldadıcı reklamlar verən “Xaricdə təhsil” şirkətləriylə deyil, mütəxəssislərlə mələhətləşsinlər. Bundan əlavə xarici universitetlərə göndəriş zamanı “Dövlət proqramı” əsasında xarici universitetlərlə əməkdaşlıq məsələlərinə fikir verilməlidir. Əgər Dövlət proqramı ilə xaricdə təhsil alanların diplomu tanınırsa, o halda öz hesabına həmin universitetlərdə təhsil alan tələbələrin də diplomları tanınmış hesab olunacaq.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xüsusi siyahı tərtib edərək adı çəkilən universitetlərdə hansı xüsusiyyətinə, formasına görə diplomları tanınmayan universitetlərin, ölkələrin, ixtisasların siyahısı təqdim edərsə, o zaman aldanaraq xaricə gedənlərin sayı da azalmış olar. Düzdür, yaxın müddətdə siyahının ictimaiyyətlə  paylaşılacağı bildirilib, ancaq hələ də siyahı olmadığı üçün xaricdə təhsil almaq istəyənlər təşviş içindədirlər”-, deyə ekspert vurğulayıb.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox