Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-16 15:20:00
Maksimum nəticə göstərən şagird: “Əziyyətim boşa getmədi...”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Bildirilib ki, imtahandan 39 nəfər 300 bal toplayıb.

 

AzEdu.az Təhsil Portalı olaraq maksimum nəticə göstərən Kəlbəcər rayonu, 37 saylı orta məktəbin şagirdi Rüstəmzadə Sona Səfər qızından müsahibə aldıq.

 

Sona ilk xəbəri anasından eşitdiyini bildirib:

 

”Bu xəbəri ilk dəfə eşidən zaman evdə dərslərimlə məşğul idim. Daha sonra anam işdən gəldiyi vaxt telefonuna mesaj gəldi və bu şad xəbəri anamdan eşitdim.

 

Təbii ki, maksimum nəticə topladığımı eşidər-eşitməz çox sevindim. Çünki o qədər əziyyətimin, çətinliklərimin boşa getmədiyini görmək, özü bir qürur idi. Əslində yazdıqlarımdan əmin idim, lakin açıq suallardan tərəddüd edirdim”.

 

Həmsöhbətimiz həkim olmaq istədiyini dilə gətirib:

 

“4-cü ixtisas qrupu üzrə hazırlaşıram və məqsədim Azərbaycan Tibb Universitetinə qəbul olmaqdır. Əsas hədəfim beyin cərrahı olmaqdır.

 

Məktəbdə boş vaxtımı həmişə dərs oxumaqla dəyərləndirmişəm. Hələ ki, əsas hədəfim 700 bal yığıb ATU -ya qəbul olmaqdır. Bakalavrı bitirdikdən sonra, xaricdə təhsilimi davam etdirmək istəyirəm. Daha sonra vətənə qayıdıb, burada işləməyi düşünürəm.

 

Abituriyentlərə tövsiyəm budur ki, hər zaman çoxlu çalışsınlar. Maksimum nəticə toplamağın sirri düşünürəm ki, özlərinə nə olur, olsun inanmalarıdır. Yorulmadan çox çalışmaq lazımdır. Bu dönəmdə ən böyük dəstəkçim anam, daha sonra digər ailə üzvlərim və müəllimlərim olub”.