Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 10:10:00
Bakı Elm Olimpiadası keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

 

BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.

 

Olimpiada 9-cu və 10-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq.

 
 

Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar 29 fevral 2024-cü il tarixinədək elektron qeydiyyatdan (//forms.gle/VxUrKEVtWB5tXodA7) keçməlidirlər.

 

Olimpiadanın I mərhələsində (9 mart) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

 

I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.

 

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq.