Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 17:29:00
Ağdamlı müəllim : “Bu xəbərin məni necə sevindirdiyini sözlə əsla təsəvvür edə bilmərəm”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda ilk dəfə Ağdam Şəhəri Günü qeyd olunur.

 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. 

 

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

 

Əslən Ağdamlı olan İlahə Məmmədova, Ağdam 1 nömrəli məktəbin Tarix müəllimidir.

 

AzEdu.az-a müsahibə verən İlahə müəllim doğma yurdunun işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşüb.

 

- Necə oldu ki, müəllimlik peşəsini seçdiniz?

 

- Anam müəllim idi. Həmişə çalışırdım ki, anamın uğurlu peşəsini davam etdirim. Ona görə də uşaqlıqdan müəllim olmaq ən böyük arzularımdan biri idi və bunu reallaşdırmağa nail oldum.

 

- İlahə müəllim, ilk dərs gününüzü necə xatırlayırsınız?

 

- İlk dərs günümdə gənc müəllim kimi çox həyacanlı idim. Həyacanımı cilovlamaq üçün əlimdən gələni etməyə çalışdım. İndiki kimi yadımdadır ki, ilk dərsim 9-cu siniflərə idi. Həyəcanımın çox olması, mənə mane törətmədi. Dərsi necə lazımdırsa, elə də tədris etdim...

 

- Müəllimlik fəaliyyətinizdə ən yadda qalan xatirəniz hansı olub?

 

- Fəaliyyətim boyu dərs dediyim şagirdlərin ali məktəbə daxil olması məni çox sevindirib. Karyeramda dönüş nöqtəsi diaqnostik qiymətləndirmədə  53 bal toplamağım oldu. Ağdam rayon üzrə ən yüksək nəticəni mən göstərmişdim.

 

- Ağdam şəhəri xatirənizə necə həkk olub, şəhərdən ayrılanda neçə yaşınız var idi?

 

- Düzünü desəm, Ağdam işğal olunanda 8 yaşım olduğu üçün ağlımda bura ilə bağlı çox az məqamlar qalıb. Ağdam valideynlərimin, nənəmin, babamın və qonşularımın danışdıqları qədər yaddaşıma həkk olunub. Bu şəhər xatirəmdə nə qədər az olsa da, bir o qədər də doğmadır. Ağdamı gözəl şəhər kimi xatırlayıram.

 

- Ağdam işğaldan azad olunandan sonra oradan olmusunuzmu?

 

- Ağdam azad olunandan  sonra getmək hələ ki, qismət olmayıb. Amma ən böyük istəklərimdən biri Ağdama getməkdir.

 

- Bəs müəllimlik fəaliyyətini Ağdamda davam etdirmək istəyərsinizmi?

 

- Bəli, fəalliyyətimi doğma yurdumda davam etdirmək mənim üçün çox xoş olar. Ağdamda yerləşən 1 saylı məktəbin təmir işləri gedir və artıq yekunlaşmaq üzrədir. Düşünürəm ki, müəllimlik fəaliyyətimi orada davam etdirəcəm.

 

- Ağdamın işğaldan azad olunduğunu eşidəndə sizdə hansı hisslər yarandı?

 

- O hissləri sözlərlə ifadə etmək çox çətindir. Hər kəs böyük həsrətlə Şuşanın azad olunmasını gözləyirdi. Şuşa azad olunduqdan sonra artıq müharibənin dönüş nöqtəsi oldu. Ermənistan təslim oldu və Ağdam bir güllə belə atılmadan 20 noyabr tarixində azad olundu. Bu xəbərin məni necə sevindirdiyini sözlə əsla təsəvvür edə bilmərəm. Doğma yurdu işğal edilmiş, məcburi köçkün kimi bu hisslərimi ifadə etməyim qeyri-mümkündür.

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları