Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 13:38:57
Lənkəran məktəbinin poliqlot şagirdi - 12 dil öyrənir

İki xarici dil bilənlərə “bilingual”, üç dil bilənlərə “trilingual”, dörd dil bilənlərə “quadrolingual", beş və daha çox xarici dildə danışanlara isə “poliqlot” deyirlər. Günümüzdə poliqlot insanlara daha çox yuxarı yaşlarda rast gəliriksə, bu dəfə haqqında danışacağımız qəhrəmanımızın 15 yaşı var.

 

AzEdu.az xəbər verir ki, Lənkəran rayonunun Viravul kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Gülşən Feyziyevanı həmyaşıdlarından fərqləndirən onun 10-dan çox xarici dili öyrənməyə maraq göstərməsidir.

 

Artıq 4 ildir Gülşənə ingilis dili fənnini tədris edən Aygün Əzimova deyir ki, şagirdinin xarici dillərə marağını müşahidə edərək, əvvəlcə onunla fərdi söhbətlər aparıb: “Gülşəni digər şagirdlərdən fərqləndirən, oxuduğu və yaxud dinlədiyi hər hansı mətni daha səlist formada tələffüz edə bilməsi idi. Diksiyası başqa şagirdlərdən fərqlənirdi. Onunla mütəmadi fərdi söhbətlərimiz olurdu. Biz ona ancaq ingilis və rus dillərini öyrətmişik. Amma Gülşən artıq 12 dildə öz fikrini ifadə edə bilir. Ümid edirik ki, o, gələcəyin poliqlotlarından biri ola bilər”.

Gülşən Feyziyeva ingilis və rus dillərindən başqa, Asya xalqlarının dillərinə də maraq göstərir. O, istəyir ki, maraq göstəridiyi dilləri mükəmməl şəkildə öyrənsin. “Mən poliqlot olmaq, tərcüməçi olmaq istəyirəm. Əvvəl Koreya dilini öyrənməyə həvəs yarandı və beləliklə, onun öhdəsindən gəldim. Əslində Koreya dilini öyrənəndə çoxlu çətinlik çəkdim. Çünki onların əlifbasını öyrənmək çətindir, bir neçə qrupa bölünür. Onları hissə-hissə öyrənməyə başladım. Daha sonra yapon dilinə marağım artdı”, - deyən 10-cu sinif şagirdinin maraq göstərdiyi dillər arasında erməni dili də var. İstedadlı şagird deyir ki, düşmənin dilini bilmək vacibdir. O, işğaldan azad olunan Qarabağ haqqında məlumatları erməni dilində internet vasitəsilə dünyaya çatdırmaq istəyir.

 

O, dilini öyrəndiyi 12 ölkə arasından ABŞ, Yaponiya və Cənubi Koreyaya səyahət etməyi, ABŞ-da isə təhsil alaraq, biznes qurmaq istədiyini söyləyir.

 

 

Gülşənin bu qeyri-adi bacarığı valideynlərinin də böyük sevincinə səbəb olub. Onun xarici dillərə həvəsini bilən valideynlər əvvəl təəccüblənsələr də, bir o qədər də fərəh hissi keçiriblər. “Qızım heç bir müəllim yanına getməyib. Dilləri özü öz telefonu vasitəsilə öyrənib. Telefondan öyrənəndən sonra yaxınlaşıb məktəbimizin direktoru Araz müəllimə, o, köməklik edib. İndi istəyirik ki, bu bacarığını daha da təkmilləşdirsin”, - deyə atası bildirib.

 

Gülşən Feyziyeva həvəslə mənimsəməyə başladığı bu xarici dilləri inanırıq ki, yaxın gələcəkdə akademik səviyyədə öyrənəcək. Dünya xalqlarının dilini öyrənmək, həm də fərqli mədəniyyətlər, tarixlər və insanlar tanımaq deməkdir.