Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 09:18:00
Sertifikasiya dərs bölgüsünə təsir edir? – “Qanun pozuntusudur”

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları"nın 5.2-ci bəndinə əsasən, təhsil müəssisələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

 

Müəllimlər tərəfindən gələn şikayətlərdə bildirilir ki, bəzi məktəb direktorları dərs bölgüsünü sertifikasiya nəticələrinə əsasən müəyyənləşdirir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, dərs bölgüsünü sertifikasiya nəticələrinə uyğun aparılması qanun pozuntusudur:

 

“Elm və Təhsil Nazirliyinin qərarı əsasında müəllimlərin orta ümumtəhsil müəssisələrində dərs bölgüləri MİQ və diaqnostik qiymətləndirmə nəticələri ilə qərarlaşır. Dərs bölgülərinin sertifikasiya nəticəsi ilə müəyyən olunmasıyla bağlı hələ ki, heç bir qayda yoxdur. Düzdür, sertifikasiya qaydalarında dərs bölgüsünə təsir edəcəyi ilə bağlı təlimat olsa da, bu,tövsiyə xarakterlidir. Hansısa bir direktorun dərs bölgüsünü sertifikasiya nəticələri ilə aparmasının heç bir hüquqi əsası yoxdur. Bunu edənlər qanunsuzluğa yol verirlər”.

 

Ekspertin sözlərinə görə sertifikasiyanın dərs bölgüsünə təsir etməsi üçün bütün fənn müəllimlərinin sertifikatlaşdırılması başa çatmalıdır:

 

“Məlumdur ki, sertifikasiyadan yalnız Azərbaycan dili, Ədəbiyyat və İbtidai sinif müəllimləri keçib. Onlar artıq topladıqları nəticələri bilirlər. Bu qeyri-rəsmi proses olsa da, bəzi direktorlar dərs bölgüsünün həmin nəticlər əsasında aparılmasına icazə verir. Amma bununla bağlı heç bir təlimat yoxdur. Yəni, bunun proporsional, yoxsa digər formatlarda tətbiq edilməsiylə bağlı məlumat verilməyib. Məlumdur ki, sertifikasiya imtahanında yalnız test imtahanı mərhələsində toplanan bal əsas götürülür. Amma həmin dərs bölgüsünə müsahibə mərhələsinin nəticələridə təsir edəcəkmi? Bu sual altındadır. Ona görə də mütləqdir ki, bu məsələ ilə bağlı hüquqi qaydalar hazırlanmalıdır. Sertifikasiyanın dərs bölgüsünə təsir etməsi üçün bütün fənn müəllimləri bu müsabiqədə iştirak etməlidir”.