Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 12:30:14
İki yeni uşaq bağçası istifadəyə verilib

Bakı şəhəri  Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, bununla bağlı təşkil olunmuş tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.

 

Yeni istifadəyə verilən 2  uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfər işçi məşğul olur.

 

Tədbirlərdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova uşaq bağçalarının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıblar. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, mövcud müəssisələrdə infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır.