Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 12:14:34
“Rektorlar klubu”nun “ayaq səsi”: Rektorların votsap qrupu yaradıldı - MÜSAHİBƏ  

Xəbər verdiyimiz kimi, AzEdu.az təhsil portalı xarici təcrübəyə istinad edərək, Azərbaycanda elm və təhsil sahəsindəki problemlərin aradan qaldırılması və ya ölkənin elm, təhsil həyatının dünyaya inteqrasiyası üçün "Rektorlar klubu"nun yaradılması təşəbbüsü ilə çıxış edib.

Təklifdə qeyd olunub ki, Avropa və dünya ölkələrində olduğu kimi Azərbaycanda da rektorlar mövcud çətinliklər, onların həlli və bu sahənin gələcək inkişaf perspektivləri barədə müzakirələr aparıb, əməli addımlar ata bilərlər.


Qeyd edək ki, bir neçə rektor AzEdu-nun təşəbbüsünü dəstəkləyərək, razılıq ifadə edib. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək.


Xəzər Universitetinin təsisçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı təkliflə bağlı AzEdu.az-a müsahibə verib.

 


- Azərbaycanda "Rektorlar klubu"nun yaradılması təklifini necə dəyərləndirirsiniz və bunun reallaşmasına nələr, kimlər mane olur?


- Əvvəla deyim ki, AzEdu.az-ın təşəbbüsü olduqca vacibdir. Dünyada "Rektorlar klubu", "Rektorlar assosiasiyası" və "Rektorlar konfransı" deyilən təşkilatlar var. Azərbaycanda da yaradılmışdı, amma işləmədi. İndi məsələ yenidən müzakirə olunur, amma düşünmürəm ki, "Rektorlar klubu"nun təşəkkül tapması inqilabi dəyişikliklərə və yeniliklərə yol açacaq. Bununla belə, rektorların bir araya gəlməsi öz-özlüyündə olduqca maraqlıdır. Elə bir cəhdlər olunur. İndi rektorların yeni bir votsap qrupu yaradılıb və o qrupda bir-biriləri ilə informasiya mübadiləsi aparırlar. Bir-birilərinə məlumatlar verirlər. Hələ ki "Rektorlar klubu"nun ciddi təşkilata çevriləcəyi ilə bağlı nikbin deyiləm. Bunu görmürəm.

 


- Qeyd etdiniz ki, "Rektorlar klubu" əvvəllər yaranmışdı, amma işləmədi. O mexanizm niyə hərəkətə gətirilmədi?

 


- Çünki bütün hakimiyyət o vaxtki Təhsil Nazirliyinin əlində idi. Lidya xanım Rəsulova nazir olanda yaradılmışdı. Kluba biri özəl, biri dövlət olmaqla iki həmsədr seçmişdilər. Amma sonradan işləmədi, çünki o klubun vəzifəsi, funskiyası, hüquqları və səlahiyyətləri bilinmirdi. Bunlar olmadıqdan sonra təşkilat necə fəaliyyət göstərə bilərdi?!

 


- Əvvəllər nazirliyin təşəbbüsü ilə yaradılıb və işləməyib, indi isə əksər universitet "publik hüquqi şəxs" elan olunub. Rektorlar özləri müstəqil şəkildə bu klubun yaradılmasına səy göstərsələr, nəticə hasil olunarmı?

 


- Buna marağı olmayan rektorlar var. Ona görə hamını bir yerə yığmaq çətindir. Hələlik o vəziyyət yetişməyib, amma buna bir cəhdlər var, gələcəkdə belə bir təşkilat yarana bilər, amma bu gün güclü rektorlar təşkilatnın yaranması real görünmür.

 


- Vurğuladınız ki, "Rektorlar klubu"nun yaradılmasına cəhdlər var, bu cəhdlər hansı səviyyədədir, yəni təşəbbüskarlar kimlərdir?

 


- Avropanın bir layihəsi var, onlar Azərbaycanda "Rektorlar cəmiyyəti"nin yaranmasında maraqlıdırlar. Bu layihə yarandı, rekorlar gedib-gəldilər. Sonra da hər şey unuduldu. Bax bu cür oldu. Amma indi  deyəsən, məsələ yenidən aktuallaşır.