Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 14:12:00
Brend tələbə : “Yapon, Koreya, alman və rus dillərini öyrənirəm- MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Xəzər Universitetinin  lll kurs tələbəsi Əfsanə Dəmirçiyevadır.

 

- İstərdik ki, əvvəlcə özünüzü oxucularımıza tanıdasınız...

 

- Mən Əfsanə Dəmirçiyeva, Xəzər Universitetində İqtisadiyyat və Menecment fakültəsinin maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Universitetə 630 balla daxil olmuşam, hazırda ümumi GPA-m 97, ixsitas GPA-m 98-dir. Həmçinin, musiqi təhsilim də var və skripkada ifa edirəm. Kitab oxumaq və rəsm çəkmək boş zamanlarda etdiyim ən sevimli məşğuliyyətlərdir. Rəngli bir xarakterim var, daim fərqli məşğuliyyətlərə can atıram, xüsusilə də yeni xarici dillər öyrənməyə çalışıram. 

 

- Universitetinizdə 10 “Brend tələbə”dən biri olmaq necə bir hissdir?

Açıklama yok.

 

- Əlbəttə ki, çox qürurverici və sevindirici bir haldır, minlərlə tələbə içindən bu ada layiq görülmək xoş duyğular yaradır... Bu statusu saxlamaq üçün əlimdən gələndən daha artığını edəcəm.

 

- Hazırda yay imtahan sessiyasıdır. İmtahanlardakı nəticələriniz sizi qane edirmi?

 

- İki imtahanım artıq bitib, nəticələri məlum olmasa da, düşünürəm ki, çox yaxşı yazmışam və yüksək bal alacam. 

 

- İxtisasınızı çox öncədən planlaşdırmışdınız, yoxsa ani bir qərarla seçim etmisiz?

 

- İxtisasımı imtahan verəcəyim qrupu seçdiyim andan planlaşdırdım. Öncələr düşünürdüm ki, qrupdakı ən yüksək qəbul balına sahib bir ixtisasdırsa, mənə və gələcək planlarıma uyğun olacaq. Sonra araşdırdım və həqiqətən gördüm ki, mənim üçün çox maraqlı və özümü gördüyüm bir sahədir. Həmçinin, universitet zamanı bir daha da bu düşüncəm təsdiqləndi. Çox sevincliyəm ki, ixtisasımı düzgün seçmişəm. 

 

- Bəs necə oldu ki, bu sahəyə marağınız yarandı?

 

- Mənə görə maliyyə təkcə rəqəmlər və cədvəllərdən ibarət deyil. Müsbət dəyişiklik yaratmaq üçün bir vasitədir. Bu, bütövlükdə cəmiyyətin böyüməsinə töhfə verən fərdləri və təşkilatları gücləndirmək üsuludur. Mən qəti şəkildə inanıram ki, maliyyə vasitəsilə strategiyaya, komanda işinə, ünsiyyətə və bilik axtarışına olan sevgimi birləşdirərək qalıcı təsir göstərə bilərəm. 

 

- Tələbəlik illərində yaşadığınız ən yadda qalan bir hadisə olub? Bizimlə bölüşməyiniz xoş olardı...

 
Açıklama yok.


- Tələbəlik illərində çox yadda qalan hadisələr yaşamışam. 2-ci kursda oxuyan zaman Xəzər Universitetində keçirilən bilik yarışında 1-ci yerə çıxan komandanın üzvü olmuşam. Həmçinin, qrup yoldaşlarımla keçən sayısız-hesabsız yadda qalan günlər olub.
Bir dəfə çox çətin bir fənn keçirdik və uşaqların balları çox aşağı idi. İmtahanda yaxşı nəticə əldə etmək üçün dayanmadan 5 gün görüşüb hazırlaşmışdıq və nəticədə hər kəs imtahandan keçmişdi. Bu mənim üçün yadda qalan hadisə oldu...

 

-Dərsdən və könüllü fəaliyyətlərdən savayı, məşğul olduğunuz hobbi varmı?

Açıklama yok.

 

- Hobbilərim çoxdur. Özümün yaratdığım bir kitabxana var, hər janrda və müxtəlif dillərdə kitablar toplamışam. Kitab oxumaq mənim azyaşlı olanda qazandığım və hələ də davam ettirdiyim bir hobbidir. Gündə ən azı 20 səhifə oxumağa çalışıram. Məktəb vaxtı voleybol komandasının üzvü olmuşam və Bakı məktəbləri arasında 3-cülük qazanmışam. Boş vaxtlarımda imkan tapdıqca oynamağa çalışıram. Rəsmə böyük marağım var. Müxtəlif növ boyalar, karandaş setləri və s. alıb hər növdə rəsm çəkməyi öyrənirəm. Ən sevimli hobbim dil öyrənməkdir. Hazırda yapon, Koreya, alman və rus dillərini öyrənirəm. 

 

- Magistraturada oxumağı düşünürsüz? Burada, yoxsa xaricdə təhsil almaq istəyərdiniz?

 

- Təbii ki, düşünürəm. Əgər xaricdə təqaüdlü təhsil imkanı qazansam, bu əla olar. Amma Azərbaycanda MBA oxumaq da planlarım arasındadır. 

 

- Son olaraq, gələcək hədəfləriniz və planlarınız barədə məlumat verməyinizi istərdik...

 

- Gələcək hədəflərim təhsilimin magistr və doktorantura pillələrini tamamladıqdan sonra ixtisasıma uyğun olaraq özümü daha da inkişaf etdirib, Big4-dan (Böyük dördlük) bir şirkətə işə girməkdir. İşləyərkən də daha yüksək pillələrə qalxmaq və ən yaxşı səviyyəyə yüksəlmək yaxın gələcəkdə planlaşdırdığım hədəflərə daxildir.