Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 14:23:00
13 yaşlı qızın şəklini yayanlar jurnalist etikasını POZDULAR - RƏY

Tovuz rayonundan olan 13 yaşlı Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə evdən qaçması xəbəri bir neçə gün bütün media qurumlarının gündəmindən düşmədi.

 

Media hadisənin əsas təfərrüatlarını tirajlamaqla yanaşı, yeniyetmə qızın fotoşəkillərini də yaydı. İstisnasız şəkildə elə bir KİV olmadı ki, Əfsanənin fotosunu olduğu kimi yaymasın.

 

Halbuki ki, azyaşlı uşaqların fotoşəkillərinin və videolarının yayılması jurnalist peşəsinə və etikasına ziddir. Bu kimi hallar həmin uşaqların gələcəyinə ciddi zərbə vura, onlara ciddi psixoloji travma yaşada və mənəvi depressiyaya sala bilər.

Qeyd edək ki, Əfsanə Tağıyeva ilə bağlı yazılar hələ də qızın fotoşəkli ilə birgə onlayn mediada və sosial şəbəkələrdə gündəmə gətirilməkdədir.
 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mediada Əfsanə Tağıyevanın fotoşəkillərinin yayılmasını birmənalı qarşılamayıb:

“Jurnalistlərin hüquqlarını qoruyan əsas təşkilat Mətbuat Şurasıdır” - Müşfiq Ələsgərli

 

“Tovuzda 13 yaşlı qızın başına gələn hadisə çox üzücü və təəssüf doğurucudur. Həmin qızın bu hadisəni yaşaması həyatına çox böyük mənfi təsir edəcək. Bundan savayı, medianın sözügedən hadisəyə yanaşma tərzi də problemlidir. Qızcığaz hazırda aldığı travma ilə yanaşı, gələcək həyatında da ciddi problemlərlə qarşılaşacaq. Çünki bu xəbərlər sosial media seqmentində və onlayn mediada davamlı olaraq paylaşıldı. Gələcəkdə həmin insanın adı çəkiləndə, kimsə onun haqqında maraqlananda bu acı hadisəni görəcək və yaşananların travması o uşağı ömür boyu təqib edəcək”. 

 

M.Ələsgərli mediadan öncə məsulliyət daşıyan başqa qurumlar olduğunu diqqətə çatdırıb:

 

“Təəssüf ki, sosial şəbəkələr və media qurumları bu məsələdə peşə prinsiplərini pozdular. O uşağın adını, ünvanını, şəkillərini açıq şəkildə verdilər. Media qurumlarının qaydaları pozduqları halda cəzalandırılmadıqları məsələsinə gəldikdə, deyim ki, əgər onlar hadisəni işıqlandırıb münasibət bildirməsəydi, problem daha çox inkişaf edərdi. Çünki bu hadisə ilk dəfə baş verməyib. Bu cür xoşagəlməz xəbərləri biz tez-tez eşidirik. Əfsuslar olsun ki, yetkinlik yaşına çatmayanlar belə hadisələrin qurbanı olurlar. O baxımdan sözügedən hadisələr mediada işıqlandırılmalıdır ki, olay bu cür hallara qarşı mübarizə aparmalı olan qurumların diqqətini cəlb etsin. Bu hadisələrin yaşanmasında birbaşa həmin qurumların da səhlənkarlığı var. Çünki biz azyaşlıların bu kimi hallarla qarşılaşmasına dəfələrlə şahid oluruq. Statistika çoxalırsa, onu deyə bilərik ki, həmin qurumlar öz fəaliyyətlərini düzgün yerinə yetirmirlər.

 

Düşünürəm ki, mediadan öncə birbaşa cinayəti törədənlər, cinayətkarlara qarşı mübarizə aparmalı olan və bu cür məişət hallarına qarşı müvafiq tədbirlər görməli olan qurumlar öz işlərini düzgün görməlidir. Bu sıralama bitdikdən sonra növbə mediaya gəlir. Amma unutmamaq da lazımdır ki, bizim etik kodeksimiz, eyni zamanda qanunvericilik medianın uşaqlarla bağlı hadisələrə bu cür yanaşmasını istisna edir”. 

 

Təhsil jurnalisti Məzahir Məmmədli də azyaşlı uşaqların şəxsi görüntülərinin yayılmasının təəssüf doğurucu hall olduğunu qeyd edib:

 Açıklama yok.

“Əfsuslar olsun ki, günümüzdə Azərbaycan mediası sosial şəbəkələrin bir qolu kimi informasiyaları yayamağa başlayıb. Bu çox təəssüf olunası haldır. Bildiyiniz kimi, media qurumlarında azyaşlı uşaqların şəkillərinin paylaşılması “Kütləvi informasiya vasitələri haqqında” Qanuna, həmçinin Azərbaycan Respublikasının digər qanunvericiliyinə ziddir. Yəni belə hallara icazə verilmir. Amma aparıcı və özünü öndə hesab edən media qurumları qanunazidd davranışı açıq şəkildə birüzə verdilər. Çox təəssüf ki, onlara nə cəza, nə də xəbərdarlıq olundu. Bu cür hadisələrə ciddi yanaşılıb, cəza tətbiq olunmadığı halda, yenə təkrarlanacaq. Media qurumları “baxış sayı” xəstəliyinə yoluxub. Ona görə də, nəyin bahasına olursa olsun, “baxış sayı”nı toplamaqdan ötrü azyaşlı uşaqların şəkillərini yaymaqdan çəkinmirlər”- deyə M.Məmmədli bildirib.