Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-22 11:05:25
Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir? - Rəsmi CAVAB

Xəbər verdiyimiz kimi, bu il ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyası həyata keçiriləcək.

Sertifikasiya həyəcanı yaşayan müəllimlər prosesə hazırlıq üçün müxtəlif vəsaitlərdən istifadə edir, repetitor yanına gedir, kurslara yazılırlar.

AzEdu.az xəbər verir ki, artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrində sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatına başlanıb.

Məktəblərdə müəllimlərdən müvafiq sənədlərin surəti istənilir.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edəcəklər.

Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndəriləcək. 

Bu arada sosial şəbəkələrdəki təhsilyönümlü qruplar sertifikasiya ilə bağlı geniş müzakirələr açıblar. Müzakirələrdə kütləvi şəkildə iştirak edən müəllimlər arasında özünə inamlı olanlar da var, prosesdən qorxanlar da.

Bu müzakirələrdə müəllimlərin ünvanladığı suallardan biri diqqət çəkir:

Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir?

Elm və Təhsil Nazirliyindən müəllimləri narahat edən sualla bağlı AzEdu.az-a cavab verilib.

Bildirilib ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən, müəllim sertifikatlaşdırmanın nəticələri ilə razılaşmasa, məhkəməyə müraciət edə bilər:

“Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır”.