Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 14:11:00
İtkin tələbələrimiz haradadır?..

Malatyada təhsil alan 4 azərbaycanlı tələbənin zəlzələdən sonra harada olduğu fevralın 6-dan bəri gündəmin əsas mövzularından biridir. Təəssüf ki, hamnını düşündürən sual hələ ki cavabsız qalır. Türkiyədə Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə heç kim heç nə bilmir…

AzEdu.az-ın məlumatına görə, Türkiyədən gələn son xəbərlərdə deyilir ki, azərbaycanlı tələbələrin yaşadığı binada axtarış-xilasetmə işləri demək olar ki, yekunlaşmaq üzrədir. Xilasedicilərin hətta dağılan 8 mərtəbəli tikilinin lap dibinə qədər endiyi bildirilir. Həmin binada nəşi çıxarılanların hamısı tanınıb, onların arasında bizim tələbələr yoxdur.

Xəbərlərdə deyilir ki, xilasedicilər azərbaycanlı tələbələrin ikinci mərtəbədə qaldığı mənzilə də daxil ola biliblər, onların əşyalarını da tapıblar, özləri isə ortada yoxdur.

Sosial şəbəkələrdə tələbələrlə bağlı müzakirələr bitib-tükənmir. Müzakirələr zamanı tələbələrlə bağlı şayiələr, dəqiq olmayan məlumatlar yayılmaqdadır. Kimi deyir onlar zəlzələ zamanı mənzildən çıxıb qaçanda blokda qalıblar. Kimi də deyir ki, ordan çıxandan sonra, başqa binanın uçqununa düşüblər. Bəziləri də onların ümumiyyətlə evdə olmadıqlarını iddia edirlər.

Çətin vəziyyətə düşən tələbələrin ailələri axtarış üçün Türkiyədə hər yerə müraciət ediblər, amma məlumat ala bilmirlər.

Bu arada Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar öz tviter səhifəsində dağıntılar altında qalan tələbələrdən biri Gündüz Nəzərzadənin evindən çıxan əşyaların fotosunu paylaşıb.

Fotodan G.Nəzərzadənin evindən Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Qurani-Kərim” kitabının tapıldığını görmək mümkündür.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələdən sonra itkin düşüblər.