Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 14:45:00
DİM: Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlimlər keçirilir

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər davam edir.

AzEdu.az xəbə verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

 

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifə və funksiyaları haqqında nəzəri məlumatlar verilir, fikir mübadiləsi aparılır. Bu təlimlərdə indiyə qədər 1152 namizəd iştirak edib. Bakı şəhəri, Naxçıvan və Şirvan regional bölməsi növbəti 62 namizədə 12 fevral tarixində təlimlər keçiriləcək.

 

Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edirlər. Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı əldə etdikləri imtahanların texnologiyası, zal nəzarətçilərinin vəzifələri və funksiyaları haqqında nəzəri bilikləri yoxlanılır. Yekun test imtahanında bu günə qədər 884 namizəd iştirak edib. Ötən həftə Bakı şəhəri, Gəncə, Şəki, Şəmkir, Lənkəran regional bölmələri üzrə təlimlərdə iştirak etmiş 268 namizəd isə bu həftə ərzində yekun test imtahanına cəlb edilir.

 

Qeyd edək ki, cari ildə zal nəzarətçisi sertifikatı əldə etmək üçün 2785 nəfər öz ərizəsini təsdiq edib. Ümumi prosesin fevral ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.