Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 14:02:00
Cinayət törədən şagirdləri gözləyən cəzalar – Təhsil sona çatmır  

Zaman-zaman şagirdlərin bir-birinə qarşı fiziki şiddəti, cinayət törətməsi kimi hadisələrin şahidi oluruq. 

 

Bəs bu kimi hadisələrdə az yaşlıların cinayət törətməsi zamanı onlar üçün nə kimi cəzalar tətbiq olunur?

 

AzEdu.az bu mövzu ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cəza növlərinə nəzər salıb.

 

Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

 

Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:

 

1.Cərimə:

Bu cəza yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.

 

2.İctimai işlər:

Bu, səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

 

3.İslah işləri:

Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. 

 

4.Azadlığın məhdudlaşdırılması:

Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.

 

5.Müəyyən müddətə azadlıqdan məhrum etmə:

Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. 

 

Bu məhkumlar məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:

 

  • Yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;
  • Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.

 

  • Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəm həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.

 

  • Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.