https://www.zirve.edu.az/
15.03.2018 09:03
Antalyanı sevənlərin universiteti - Yaxşı təhsil, bol əyləncə - FOTO
Çap et

Tələbələri qışda qısaqol köynəkdə gəzən, rektoru ilə “atışan” Akdeniz Univeristeti

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb. Təbii ki, burada maraq, istiqamət və niyyətlər fərqlidir. Bəziləri xaricdə təhsil alıb, daha yaxşı karyera quracağını düşünür. Diqqətçəkən məqamlardan biri də budur ki, gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən, müəyyən edirlər. Universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər.

Gənclərin bu kimi suallarını cavablandırmaq üçün AzEDU.az saytı “UniverMAYAK” rubrikasında sizləri müxtəlif universitetlərlə tanış etməyə davam edir. Haqqında danışacağımız növbəti təhsil ocağı Türkiyənin ən güclü ali məktəblərindən sayılan Akdeniz  Universitetidir.

Akdəniz Universiteti 1982-ci ildə Antalyada təsis edilmiş dövlət universitetidir. 42.000-dən çox tələbənin  təhsil aldığı  universitetdə 22 fakültə, 7 institut, 3 məktəb,1 kanservatoriya, 12 peşə məktəbi, 57 tədqiqat və tətbiq mərkəzləri fəaliyyət göstərir.

enstituler.jpg

Akdeniz Universitetində Tibb, Tibb bacısı, Kənd Təsərrüfatı, Təbii Elmlər, İqtisadiyyat, Biznes, İdarəetmə, Hüquq, Mühəndislik, Təhsil, Rabitə, İncəsənət, Balıqçılıq, İlahiyyat, Stomatologiya və Turizm fakültələri var.

Görkəmli məzunları arasında 2011-ci ildə Türkiyənin ilk tam üz nəqli əməliyyatını edən  cərrah Ömər Özkan, Manuş Baba adı ilə tanınan Mustafa Özkan və başqaları var. Mustafa Özkan  kəsirlərinə görə məzun ola bilməyib.

Universitetin rektoru, professor Mustafa Ünaldır.

Akdeniz Universitetinin Jurnalistika fakültəsinin qəzetçilik ixtisasının magistratura pilləsində təhsil alan Orxan Cuvarlı AzEDU.az-a oxuduğu ali təhsil müəssisəsi barədə danışıb. O, deyib ki, Akdeniz Universiteti əsasən, Tibb fakültəsi ilə məşhur idi. Keçmiş zamanda  danışmasının səbəbini isə bu cür əsaslandırıb: “”İdi” deyirəm çünki, hazırda bəzi uğursuz əməliyyatlar universitet rəhbərliyinin başını ağrıdıb. Bu arada qeyd edim ki, Türkiyədə ilk üz köçürmə əməliyyatı bu universitetdə olub. Daha sonra ədəbiyyat fakültəsi, özəlliklə alman və ingilis ədəbiyyatı bölümləri, Arxeologiya, Güzel Sanatlar fakültəsi üzrə ixtisaslaşmış ən yaxşı universitetlərdən biridir. Hüquq, Beynəlxalq münasibətlər, Jurnalistika kimi fakültələrini  çox yaxşı saymaq olar. Ümumilikdə isə universitet, “Twitter”də tələbələrə maraqlı, ironiyalı cavabları ilə məşhur olan rektoru Mustafa Ünalla və dənizə yaxın məsafədə olmasıyla və Türkiyənin ən böyük ikinci universitet korpusu ilə tanınır”.

k_13113311_img_0080.jpg

Orxanın sözlərinə görə, texniki təchizat baxımından kifayət qədər inkişaf etmiş fakültələr var:

“Yeni “İletişim” binasına köçmüşük, texniki otaqları gəzəndə xeyli şad oldum. Laboratoriyalar barədə heç bir təsəvvürüm yoxdu. Rektorumuzun ixtisasca həkim olduğunu nəzərə alsaq, məncə diqqətdənkənar qalmış olmaz”.

Universitetdə Afrika, Balkan ölkələrindən, türk cümhuriyyətlərdən tələbələr çoxluq təşkil edir.

Orxan deyir ki, bura tələbə axının  əsas səbəbi universitet yox, şəhərdir.

“Antalyanın iqlimi, liman şəhəri olmağı, turistik yerləri insanları cəlb edir. Kim fevralda qısaqol köynəkdə gəzmək istəməz?”

Əsmər Qabil

kumluca-da-saglik-bilimleri-fakultesi-akdeniz-universitesi-ne-teslim-edildi.jpg


22528469_885962828223116_8057803470242609678_n.jpg