https://modern.az/ #
2022-12-02 15:51:00
Bakı məktəbində “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib-FOTO  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 164 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Qarabağım al-əlvandır, hər  tərəfdə Xarıbülbül” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, şəhid ailələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir hərbi orkestrın ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxış edən BŞTİ-nin müdir müavini H.Əsgərov tədbirin əhəmiyyəti barədə danışıb. Bildirib ki, bugünkü tədbir yenidən qurulan, əsil tarixi simasını bərpa edən mədəniyyət paytaxtımıza məktəblilərin töhfəsi olmaqla yanaşı, həm də dövlət başçımız İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”nin Azərbaycan təhsili qarşısında qoyduğu vacib öhdəliklərin icrasının tərkib hissəsidir.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov Vətən Müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən şərəfli səhifəsi olduğunu söyləyib. Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Şuşa Rayon İcra Hakimiyyəti başçısının  müavini V.Fətəliyeva Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söhbət açıb.

 

264 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova Vətən Müharibəsində şücaət göstərən qəhrəman şəhid və qazilərimizi cəmiyyətə tanıtmaq, yetişən nəslə belə igidlərlə fəxr etməyi öyrətmək işində ən böyük məsuliyyət payının ilk növbədə, məktəbin, müəllimlərin üzərinə düşdüyünü diqqətə çatdırıb.    

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunmuş tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim ediblər. Tədbir ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam edib.