Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 10:00:00
Ali təhsildə geyim qaydası?-Universitet bunu tələbələrlə müzakirə etməlidir...

 

“Bəzi tələbələr universitetlərə elə geyimdə, elə görkəmdə gəlirlər ki, tələbə biletini görməsən onun tələbə olduğunu anlaya bilməzsən”.

 

Zaman-zaman yerli ali təhsil müəssisələrində tələbələrə geyim və xarici görünüşlə bağlı qadağaların tətbiq edilməsi mövzusunda narazılıqlar səsləndirilir.

 

Son olaraq Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrilə bağlı hazırlanan qaydaları ictimaiyyətə təqdim etdikdən sonra bəzi universitetlərin bu qaydaları tələbələrə tətbiq etmək haqqında təlimat verildiyi bildirildi.

 

Bəs ali təhsil müəssisələrində tələbələrə bu kimi qaydaların tətbiqi nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Azərbaycan universitetləri” təhsil səhifəsinin idarəçisi Zöhrab Süleyman  bəzi tələbələrin geyimlərinin görkəmli olduğunu söyləyib:

 

“Hazırda universitetlərdə tələbələrin geyimlərinə hər hansı qayda tətbiq edilmir. Yalnız xüsusi təyinatlı universitetlər, Milli Aviasiya Akademiyası, Dövlət Dəniz Akademiyası, Gömrük Akademiyasında uniformalar tətbiq olunur. Səmimi söyləsək, bu akademiyaların tələbələri uniformalarla bir ayrı yaraşıqlı görünür. Əvvəllər vahid geyim formasına loyal yanaşa bilmirdim. Düşünürdüm ki, artıq yetkin tələbələr nə geyinəcəklərinə özləri qərar verməlidir.

 

Son zamanlarda isə bir çox universitetlərdə gördüyüm mənzərə fikirlərimi tamamilə alt-üst etdi. Bəzi tələbələr universitetlərə elə geyimdə, elə görkəmdə gəlirlər ki, tələbə biletini görməsən onun tələbə olduğunu anlaya bilməzsən. Bu təbii ki, bəzi tələbələrə aiddir".

 

O, universitetin geyim qaydaları ilə bağlı qərarları tələbələrlə müzakirə etməli olduğunu bildirib:

 

"Əgər tələbə səliqəli geyimlə dərsə gəlsə, inanmıram hər hansı müəllim və ya hər hansı universitet rəsmisi ona nəyisə qadağa qoysun. Məsələn, keçmiş  ADNA-da illər öncə "şəpit və çəkələklə, şortiklə giriş qadağandır" elanı səhifəmizdə ictimailəşmişdi. Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal qadağası qeyri-rəsmi formada hələ də qüvvədədir. Açığını desək, biz bu məsələdə neytral mövqedəyik. Universitetlər müəyyən bir "dress code" tətbiq etməzdən öncə tələbələrlə bunu müzakirə etməlidir. Bunu tətbiq edilməsinə qarşı deyilik, sadəcə tələbələrlə məsləhətləşmədən tətbiq edilməsini məqbul saymırıq”.

 

“Tələbələr də geyimlərinə, görkəmlərinə fikir verməlidir. Hər bir universitetin daxili nizam-intizam qaydaları var. Universitetlər də tələbələr arasında bir növ maarifləndirmə işi aparmalıdır. Qadağalarla bu iş alınmaz"-deyə, o qeyd edib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları