Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 16:33:00
Şagirdi ilə duet oxuyan müəllim: “İki klip də çəkib, TİK-TOK-da paylaşmışıq”-MÜSAHİBƏ

 

 

Sosial şəbəkələrdə Qazax rayon 3 saylı tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini və fiziki tərbiyə müəllimi Süleyman Həsənov və həmin təhsil müəssisəsinin  11-ci sinif şagirdi Türkan Rəhimovanın türkiyəli tanınmış müğənni Haluk Ləvəntin “Elfida” mahnısını oxuması izləyicilərin marağına səbəb olub.

 

 

Sosial şəbəkə istifadəçilərindən bir çoxu bu dueti bəyənsə də, bəziləri onu qınaq obyektinə çevirib.

 

 

AzEdu.az-a açıqlamasında Qazax rayon 3 saylı tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini və fiziki tərbiyə müəllimi Süleyman Həsənov şagirdinin istəyinin onun üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

 

 

“Türkan 5-ci sinifdə təhsil aldığı zaman 20 Yanvar şəhidləri üçün keçirilən tədbirdə vətənpərvərlik ruhunu özündə əks etdirən mahnını ifa etdi, bu, mənə çox xoş təsir bağışladı, lakin onu da qeyd edim ki, səhvləri çox idi. Onun özünü musiqi üzrə inkişaf etdirməsi üçün mədəniyyət evinə apardım. Orada olan Vahid Bayramov adlı şəxs Türkanın səsini yoxladı və dedi ki, onun səsini açaraq inkişaf etdirmək olar. O, Türkana dəstək durdu, sonra isə şagirdimiz rayonun bütün tədbirlərində ifa etməyə başladı. Həmçinin, Qazax şəhərində keçirilən tədbirlərdə  çıxış etdi. 2020-ci ildə pandemiya dövrü başladı, dedik ki, bu zamanı boş keçirməyək, elə evimizdə oturaraq onlayn şəkildə duet oxuyaq. İlk duetimiz Şəmistan Əlizamanlının “Cənab Leytenant” mahnısı oldu, o vaxtlar 44 günlük müharibə yenicə başlamışdı. Sonra duetlərimizi davam etdirərək Tik-Tok sosial şəbəkəsində paylaşdıq, insanlar da bunu bəyəni ilə qarşıladılar”.

 

 

Müəllim Türkanın gələcək hədəflərindən söz açıb:

 

Mənim heç bir musiqi təhsilim yoxdur, həvəskar şəkildə bu sahə ilə məşğul oluram. Türkana dəstək olmağa çalışıram.O, III ixtisas qrupuna hazırlaşaraq aktrisalıq ixtisasına yiyələnməyi hədəfləyir. Bu sahədə ona kömək olmağa çalışıram.

 

 

2 klipimiz də var, onları yutub və TİK-TOK-a yerləşdirmişik. Türkan universitetə hazırlaşdığı üçün geniş klip bir qədər tez olar, onu yükləmək istəmirəm, lakin həm də bizdə elə yüksək texniki avadanlıqlar da yoxdur, lakin telefonla çəkdiklərimiz də keyfiyyətli alınıb”.

 

 

Süleyman Həsənov şagirdinin ailəsinin bu məsələyə münasibətindən söz açıb:

 

Ailələrimiz duetlərə  normal münasibət bəslədilər, Türkanın atası işləyir, anası isə yox. Mənim  övladlarım isə Türkiyədə çalışırlar. Yoldaşımla ikimiz Qazaxda yaşayırıq. Mahnılarımızı instagram, yutub və TİK-TOK-da paylaşırıq”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları