Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 15:31:00
“Mübtəda ilə xəbəri səhv salanlar  təbii ki, sertifikasiyaya qarşı çıxacaqlar”-SƏRT TƏNQİD

 

 

Bir neçə ildir ki müzakirə olunan müəllimlərin sertifikasiyasının avqust ayında təşkil olunacağı nəzərdə tutulub.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar artıq hazırdır. Lakin müşahidələr göstərir ki, müəllimlərin əksəriyyəti sertifikasiya ilə bağlı qorxu və həyəcan keçirir. Təsadüfi deyil ki, sertifikatlaşdırma imtahanlarının əleyhinə olan müəllimlərin sayı az deyil.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Nabatəli Qulamoğlu deyib ki, ölkədə müəllimlərin sertifikatlaşdırılmasına ciddi ehtiyac var:

 

“Belə olan halda, sertifikasiyanın əleyhinə çıxanlar, əlbəttə ki, imtahana hazır deyillər və özgüvənləri aşağıdır”.

 

Ekspertin dediyinə görə, sertifikasiya ən azı hər 5 ildə bir dəfə təşkil edilməlidir. Nəzərə almaq lazımdır ki, biliyinin test ediləcəyini bilən müəllim özünü inkişaf etdirməyə daha çox meyilli olur. Təəssüf ki, sertifikatlaşdırmanın tətbiqi 10 ildən çoxdur ki müzakirə edilməsinə baxmayaraq, hələ ki reallaşdırılmır. Açığı deyim ki, əksər müəllimlər sertifikasiyanın əleyhinədir, çünki onlar özlərinə və biliklərinə güvənmirlər. Onu da qeyd etmək lazımdır ki, sertifikasiya imtahanlarına tam hazır olan yüzlərlə müəllimlərimiz də var. Həmin müəllimlər sertifikatlaşdırma prosesindən üzüağ çıxacaqlarına arxayındırlar. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinə qarşı səsləndirdiyimiz tənqidlərə baxmayaraq, bu qurum müəllimlərin sertifikatlaşdırılmasının öhdəsindən gələrsə, təqdirəlayiqdir. Bunu nazirliyin ciddi uğuru hesab etmək olar. Nəzərə almaq lazımdır ki, burada söhbət Azərbaycan təhsilində kadr problemini həll etməkdən gedir. Ona görə də sertifikasiyanın əleyhinə olanlar çoxluq təşkil edir. Güman edirəm ki, həmin çoxluq şərhlərimə görə məni də söyürlər. Onlar, birmənalı olaraq, işini bilməyən, savadını kifayət qədər artırmayan müəllimlərdir. Mən hələ yumşaq şəkildə deyirəm... İnanın, cümlənin mübtədası ilə xəbərini fərqləndirə bilməyən müəllimlər var. Belələri, əlbəttə ki, sertifikasiyaya qarşı çıxmaya bilməzlər”.

 

N.Qulamoğlu qeyd edib ki, nazirliyin təşkil etdiyi müsabiqələrdə bir sıra hallarda professionallıq nümayiş etdirə bilməməsi də müəllimlərdə gərginlik yaradır:

 

“Bir dəfə testlər yanlış paylaşılıb, bir dəfə məlumatlar sızdırılıb və s. Adam təsəvvür edə bilmir ki, doğrudan da ölkənin Elm və Təhsil Nazirliyi hansısa imtahanı təşkil etmək gücündə deyil. Güman edirəm ki, Elm və Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması prosesində peşəkarlıq nümayiş etdirəcək. Yox, əgər sertifikasiya imtahanlarında da  nöqsanlara yol verilsə, deməli bu nazirlik doğrudan da işinin öhdəsindən gələ bilmir”.