https://www.zirve.edu.az/
24.08.2018 17:42
“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər
Çap et

“İşlə təmin edə bilmir və primitiv təhsil veririksə, kolleclərin heç bir mənası yoxdur. Ümumiyyətlə, kollec və texnikumları ləğv etmək lazımdır. Onlar öz rollarını XX əsrdə oynayıb bitiriblər”.

Bu sözləri AzEdu.az-a təhsil məsələləri üzrə mütəxəssis Allahverdi Eminov deyib. O, kollec məzunlarının universitetlərə imtahansız qəbulu məsələsindən danışarkən bildirib ki, bu qayda əvvəl də var idi:

“Sonradan bu qərar ləğv edildi. Hərhalda kollec məzunlarının seçdikləri sahə ilə bağlı bilikləri orta məktəb bitirənlərdən artıqdır.         Buna görə də onların ali məktəbə imtahansız qəbulu məqsədəuyğundur. Bu mülahizəni kim irəli sürübsə, çox düzgün addım atıb. Məsələn, bir nəfər kollecdə müəllimlik ixtisasını  bitirib, digəri isə orta məktəbi. Sizcə onların hansı universitet üçün daha faydalı olar? Hərhalda kollec oxuyanın pedaqogika haqda məlumatı var. Təbii ki, onun qəbul olunması gələcəkdə yaxşı müəllim olmasına dəlalət edir”.

Onun sözlərinə görə, kollec müasir dövrün rəqabətinə uyğun deyil:

“Düzdür, hazırda kolleclərin vəziyyəti heç də ürəkaçan deyil. Mən Bakı Pedaqoji Kollecində, İxtisasartırma İnstitutunda çalışmışam. Bizə abituriyentlər müraciət edirdi. Görürdüm ki, elementar anlayışları belə yoxdur. Soruşurdum ki, kollecdə necə qiymət alırdın? Təbii ki, mən bunları heç də hamıya şamil etmirəm.

Mən ad çəkmirəm. Amma ən məşhur kolleclərdə belə vəziyyət yaxşı deyil. Onlar savadlı kadr hazırlamırlar. Ümumiyyətlə, kollec və texnikumları ləğv etmək lazımdır. Onlar artıq öz rollarını oynayıblar. İndi nə qədər özəl universitetlər var.

Şirvanda səhv etmirəmsə, 3000-dən artıq kollec tələbəsi var. O məzunların nə mənası var? Bu qədər məzun var, amma təyinat verilmir. Onlar məzun olub iş tapa bilmirlər. Çünki kollec müasir dövrün rəqabətinə uyğun deyil. Bu formalizmdən qurtulmaq lazımdır. Kolleclər özlərini doğrultmurlar. Çox bölgədə kolleclər açılıb. Bir buraxılışdan 1-2  peşəkar müəllim çıxar, ya çıxmaz. Texnikumlar öz rollarını XX əsrdə oynayıb bitiriblər”.

 Kolleclərin kifayət qədər güclü kadr hazırlamadığını deyən ekspert bildirib ki, yeni qaydaların universitetlərin reytinqinə mənfi təsir göstərəcəyinə də inanmır:

“Universitetə imtahansız qəbul olunub yaxşı oxuyacaq tələbələr də var. Düşünmürəm ki, bu, universitetlərin reytinqinə mənfi təsir göstərər. Kolleclər tələbəni yaxşı hazırlayırsa, o, universitet üçün yararlı kadrdır. Mən seminar aparıram. Görürəm ki, bəzi kollec tələbələri çox aktivdir və pedaqogikadan məlumatları var. O, universitetə qəbul olunub daha savadlana bilər.

Təhsil müəssisəsi  yaxşı kadr hazırlamayandan sonra həmin kadrın akademiya və ya kollec bitirməsinin heç bir fərqi yoxdur”.

O qeyd edib ki, kolleclərin ömrü bitib və onlar ləğv olunmalıdırlar. Kadra ehtiyac yoxdur.

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! Kollec və universitet bitirən müəllimi müqayisə  edin.  Görəcəksiz ki, hamı ali təhsilli müəllimə üstünlük verir. Bundan böyük hansı faktor istəyirsiz?

Vaxtilə kadra ehtiyac çox olduğuna görə kolleclər kütləviləşdi. İndi isə belə deyil. Direktor dərs saatlarını bölə bilmir. 18 saat dərs var, iki ali təhsilli müəllim. İkisi də kollec bitirib gəlsə, dərs saatları necə bölünsün?!

Mən 4 il Salyan Müəllimlər İnstitunun direktoru işləmişəm. Bizdən 20 kilometr aralıda isə kollec açıldı.  Ordakı uşaqların sayı 3000-i keçmişdi. Halbuki institutda heç 200 tələbə yığılmadı. Rəhbərlik o potensial gücü elə institut filialının üstünə qoysaydı, yaxşı kadr hazırlamaq olardı. İşlə təmin edə bilmir və primitiv təhsil veririksə, kolleclərin heç bir mənası yoxdur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları