Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 11:31:00
Tələbələrin araşdırma bacarığının artırılması üçün təqaüd növü əlavə edilsin-Ekspertdən TƏKLİF

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən, ali təhsil səviyyəsinin bütün pillələri üzrə tələbələrin təqaüdləri artırılıb.

 

Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat təşkil edəcək.

 

Eyni zamanda magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat olacaq.

 

Bakalavr səviyyəsi üzrə isə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək. 

 

Təhsil eksperti Adil Vəliyev artımla bağlı AzEdu.az-a açıqlamasında tələbələrin madii ehtiyaclarını qarşılaya bilmələri üçün təqaüdün önəmini vurğulayıb:

 

“Son zamanlar cənab Prezident tərəfindən təhsil sahəsində kifayət qədər mühüm sərəncamlar və fərmanlar imzalanır. Düşünürəm ki, bu qərarlar təhsil naziri Emin Əmrullayevin həyata keçirəcəyi yeniliklərə dəstək verəcək, həm də səlahiyyətlərini daha da genişləndirəcək. Bu qərarlardan biri də tələbələrin təqaüdlərinin artırılması oldu. Hər birimiz tələbə olarkən ən çox ehtiyacımızın məhz maddiyatla qarşılanacağını bilirik. İstər kirayə,istər dərs vəsaitləri və ya digər ehtiyacları qarşılamaq üçün müəyyən qədər pul lazım olur. Bu zaman bir tələbənin ən çox köməyinə çatan məhz onun təqaüdüdür. Cənab Prezidentin təqaüdlərin artması haqqında verdiyi qərar həm də tələbələrdə  motivasiya və rəqabət əzmini daha da artıracaq”.

 

Ekspert təqaüdün tələbələr arasında rəqabətliliyi artıracağını bildirib:

 

“Düşünürəm ki,  51 baldan yuxarı toplayan biri 90 manat təqaüd alır. Bu tələbədən yüksək bal toplayan qrup yoldaşları isə 132 və ya 156 manat təqaüd alır. Elbəttə ki, az təqaüd alan tələbə çalışacaq ki, balını yüksəltsin və daha çox təqaüd alsın. Mən təqaüdü tələbənin savadına görə verilməsinə deyil, onun daha da həvəslənməsinə,daha çox uğur əldə etməsinə dəstək olunması üçün bir vasitə kimi qəbul edirəm”.

 

O son olaraq tələbələrin araşdırma bacarığının artırılması üçün onlara müəyyən istiqamətdə təqaüd növünün əlavə edilməsini təklif edib.