https://www.zirve.edu.az/
09.03.2018 08:41
“Xaricə göndərdiyimiz tələbələr bəzən, oxuya bilməyib geri dönürlər” - MÜSAHİBƏ
Çap et

AzEDU.az xaricdə təhsil şirkəti "Akademi Group"un rəhbəri, "Təhsil" Cəmiyyəti İdarə heyətinin üzvü Murad Ağalarovla müsahibəni təqdim edir.

- Fəaliyyətinizə neçə xarici universitetlə əməkdaşlıq etməklə başlamısınız?

- 2008-ci ildə ilk dəfə  Bahçeşehir Universiteti ilə əməkdaşlığa başlamışıq. Onlar özləri bizə müraciət etmişdi. Biz də bunu dəyərləndirdik.

- Daha çox hansı universitetlərlə əməkdaşlığa üstünlük verirsiniz?

- Daha çox özəl universitetlərlə əməkdaşlığa üstünlük veririk. 2012-ci ildən Türkiyədəki universitetlərin təhsil sərgilərini Azərbaycanda təşkil edirik. İl ərzində üç dəfə; yazda, yayda və payızda həmin universitetləri Azərbaycana dəvət edirik. Onlar da  özlərini şagird və tələbələrə təqdim edirlər.

- Xaricdə təhsil üçün il ərzində təxminən neçə nəfər müraciət edir?

- Bizə  il ərzində orta hesabla, 500-600 şagird və tələbə müraciət edir.

- Müraciət edənlər əsasən, hansı universitetlərdə oxumaq arzusunda olurlar?  

- Müraciətlərin 40%-ni özəl, 60%-ni isə dövlət universitetləri təşkil edir. Özəl universitetlərin 40% təşkil etməsi yaxşıdır, onlar müxtəlif təqaüdlər təklif edirlər. Olur ki, tələbələr özəl universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alırlar. Bəzilərində 100% təqaüd əldə etmək şansı da var. Bu,  imtahan nəticələrinə uyğun olaraq hesablanır.

- Təhsil üçün gedib davam etdirə bilməyib qayıdanlar olurmu?

- 11-ci sinfi bitirdikdən sonra şagirdlərimiz  universitetdə təhsil almağa başlayanda bir az çətinliklər yaranır. Bu, rusdillilər üçün daha çətin olur. Onlar türk dilini öyrənməyə  çətinlik çəkirlər və daha çox ingilis dilində təhsilə üstünlük verirlər. İl ərzində göndərilən tələbələrdən 5-10%- i bu problemlə qarşılaşırlar və tədrislərini davam etdirə bilmirlər.

- Tələbələr daha çox hansı şəhərlərə üstünlük verirlər?

- Türkiyədə daha çox 3 böyük şəhərə, İstanbul, Ankara və İzmirə üstünlük verirlər. Bu şəhərlərdəki universitetlər qəbul imtahanı ilə qəbul edir. Burada YÖS imtahan nəticəsi tələb olunur. Hazırda onlar üçün YÖS kursları  təşkil edirik. Onlar YÖS kurslarını  bitirdikdən sonra imtahan verib, nəticəyə görə daha inkişaf etmiş şəhərlərdə oxuya bilirlər. Bununla yanaşı İstanbulun ətrafındakı şəhərlərə məsələn, Balıkəsir, Sakarya, İzmirin ətrafında olan şəhərlərdən Manisa, Aydın, Əskişəhər, Ankaraətrafı Nevşəhər, Mərsin, Ərzurum kimi şəhərlərdə də təhsil alırlar.

- Daha çox hansı fakültə və ixtisaslara bağlı müraciətlər edilir?  

- İxtisas seçimində bir az problemlər yaşanır, çünki bizim tələbə və şagirdlər iqtisadiyyat, maliyyə, bank işi  kimi sahələrə üstünlük verirlər. Bu, yanlış fikirdir. Bu məsələylə bağlı Bakı Təhsil İdarəsi, Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə pilot layihələr həyata keçirmişik. Bu seminarlarda tələbələrə mühəndislik, kənd təsərrüfatı ilə bağlı ixtisaslara  maraq yaratmağa çalışmışıq. 70% şagirdlər və tələbələr  idarəetmə, menecment, biznes kimi fakültələrə  üstünlük verirlər. 20-30% tələbələr isə mühəndislik fakültələrini seçirlər.

- Tələbələr ən çox nəyə üstünlük verirlər – xüsusi təqaüd proqramlarına, yoxsa öz hesablarına  təhsil almağa?

- Tələbələrin yarısı təqaüd proqramı, yarısı isə öz hesabına təhsil almağa üstünlük verirlər. Təhsil Nazirliyinin 2007-2015-ci il xaricdə təhsil üzrə Dövlət proqramından yararlanan xeyli sayda tələbə oldu.

- Xaricdə təhsil şirkətini düzgün seçmək üçün nələrə diqqət etmək lazımdır?

- Təhsil şirkətinə müraciət edən şəxs ilk olaraq şirkətin hüquqi və ya fiziki şəxsə aidliyi araşdırmalıdır. Sonra şirkətin müqavilələrinə baxmalı, hansı şərtlər əsasında xidmət göstərildiyinə fikir verməlidir. Müqavilə mütləq imzalanmalıdır. Bu şirkətlər Vergilər Nazirliyindən qeydiyyatdan keçir. Bundan başqa  şirkətin rəsmi veb-saytına baxmaq, adresini öyrənmək lazımdır. Əsas məsələ odur ki, şəxsi insanlarla əlaqə saxlayıb parkda, kafedə görüşüb bu məsələni həll etməsinlər.

- Müqavilələr hüquqi baxımdan nə dərəcədə əsaslı olur?

- Bizim şirkətdə müqavilələr hüquqşünas tərəfindən hazırlanır və müddəalar hərtərəfli göstərilir. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müddəalar yazılır. Şirkətin direktoru müqaviləyə imza atır və müəssisənin möhürü vurulur. Nəsə problem çıxdıqda, valideyn, tələbə müqavilə əsasında şirkəti məhkəməyə verib öz iddiasını irəli sürə bilər. Müqavilədə şirkətin, valideynin öhdəlikləri açıq şəkildə göstərilir.

- Hazırda Avropanın hansı tanınmış universitetlərlə əməkdaşlıq edirsiz?

- Əvvəllər daha çox İngiltərədə təhsillə məşğul idik. Hazırda həmin universitetlərdə təhsilini davam etdirən və bitirən tələbələr var. Mançestr Universitetindən məzunumuz var. 2016-cı ildə Polşa universitetlərinin Azərbaycanda təhsil sərgisini keçirtdik. Pribaltika ölkələrinə daha çox tələbələr göndərmişik. Məsələn, Latviya, Litva Çexiya. Avropada daha çox Macarıstan universitetləri ilə işləyirik. Bu ölkələrdə təhsil haqları digər ölkələrdən daha ucuzdur.

- Şirkətə müraciət edənlərlə aranızda daha çox hansı problemlər yaşanır?

- 10 illik fəaliyyətimiz müddətində göndərdiyimiz 3000-5000 tələbədən yalınız iki-üçü ilə problem yaşanıb. Bu problemlər müqavilədə göstərilmədiyi halda valideynin başqa tələblər irəli sürməsiylə bağlı olur. Əlimizdən gəldiyi qədər problemləri həll etməyə çalışırıq.

- Türkiyədə təhsillə bağlı ixtisaslaşan təxminən neçə şirkət fəaliyyət göstərir?

- Bu şirkətlərin sayı getdikcə artır. 2008-ci ildə  üç şirkət idisə, 2009-2010-cu illərdə artıq göndərdiyimiz tələbələrdən bəziləri də yeni şirkətlər açdılar.

- Bu şirkətlər bir-birindən nə ilə fərqlənə bilər?

-Bizim  işimiz tələbəni Türkiyəyə təhsilə göndərməklə bitmir. Tələbənin təhsil həyatında həmişə yanında oluruq. Göndərdiyimiz tələbələrdə sıx əlaqədə oluruq. Universiteti müvəffəqiyyətlə bitirmiş, bizimlə əlaqəni kəsməyən tələbələrə iş tapmasında yardım göstəririk. Magistratura tələbələrimiz üçün ALES kursları təşkil edirik. Bu imtahanlara müraciət çətin prosedurdur. Bu istiqamətdə tələbələrə kömək edirik.

Əsmər Qabil