Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-07 12:12:00
“Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” mövzusunda beynəlxalq forum keçirilib  

Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və “T-Network” təcrübə və kommunikasiya platformasının dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” mövzusunda beynəlxalq onlayn forum keçirilib. Foruma 450-yə yaxın iştirakçı qatılıb, yerli və xarici mütəxəssislər çıxış edib.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirin təşkil olunmasında məqsəd erkən uşaq inkişafı ilə bağlı tədqiqat və təcrübələri bölüşmək, cəmiyyəti bu haqda maarifləndirmək, erkən uşaq inkişafında təhsilin önəmi və inkişaf mexanizmləri haqqında məlumat vermək olub.

ARTİ-nin direktoru Rüfət Əzizov məktəbəqədər təhsilin əhəmiyyətini qeyd edib, ölkədə bu sahədə baş verən nailiyyətlərdən, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rolundan söz açıb.

Forumda amerikalı müəllim Laura Conson, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonova, Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova, tərbiyəçi-müəllim və dünyanın ən yaxşı 10 müəllimi nominasiyasının qalibi Nurten Akkuş, Vaşinqton Universitetinin Təhsil siyasəti və idarəetmə fakültəsinin doktorantı Sevinc Məmmədova, “T-Network” platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, ADA Universitetinin Təhsil fakültəsinin baş müəllimi Ülviyyə Mikayılova təqdimatla çıxış ediblər. Spikerlər uşaqların erkən inkişafı ilə bağlı tədqiqat və təcrübələrini paylaşıb, müxtəlif mövzulara toxunublar.