https://www.zirve.edu.az/
09.03.2018 07:29
Həyətindəki hər ağacdan bayraq asılan məşhur universitet - FOTOLAR
Çap et

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.

Təbii ki, burada maraq, istiqamət və niyyətlər fərqlidir. Bəziləri xaricdə təhsil alıb, daha yaxşı karyera quracağını düşünür.  Diqqətçəkən məqamlardan biri də budur ki, gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən, müəyyən edirlər. Universitet və ixtisas seçimi  bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər.

Gənclərin bu kimi suallarını cavablandırmaq üçün AzEDU.az  saytı “UniverMAYAK” rubrikasında sizləri müxtəlif universitetlərlə tanış etməyə davam edir.

Haqqında danışacağımız növbəti təhsil ocağı Türkiyənin ən güclü təhsil ocaqlarından sayılan Qazi Universitetidir.

28795468_2037862763156354_5517597558634971136_n.jpg

“Qazi” 1926-cı ildə Ankarada qurulan dövlət universitetidir, banisi Mustafa Kamal Atatürkdür. Türkiyənin ən çox fakültəyə malik ali təhsil ocağıdır. Tərkibində 20 fakültə, 7 institut fəaliyyət göstərir; Tibb Elmləri, Diş Həkimliyi, Təhsil, Ədəbiyyat, İqtisadi və İnzibati Elmlər, Hüquq, Mühəndislik və Texnologiya Fakültəsi və s.

Universitetdə “Güzel Sanatlar” fakültəsinin Media dizaynı ixtisası üzrə magistratura təhsili alan Nigar Səmədli AzEDU.az-a ali təhsil ocağı barəsində maraqlı məlumatlar verib. Nigar Səmədlinin sözlərinə görə, buranın əsas fərqi Türkiyədəki bütün universitetlərdən  daha çox türkçülük ideyalarına üstünlük verməsidir.

“Hətta universitetin qarşısındakı hər bir ağacda Türk Cümhuriyyətinin kiçik  bayraqları asılıb. Daha çox təhsilyönümlü fakültələri ilə məşhur olan universitetdə Dövlət Bağçalı, Kənan İşıq, Rüfər İlgaz, Melih Göyçək kimi insanlar təhsil alıb”.

28783212_2037862993156331_2599919819402772480_n.jpg

Nigar xanımın sözlərinə əlavə olaraq, qeyd edək ki, Milliyyətçi Hərəkət Partiyasının sədri, İdeal Ocaqları Təhsil və Mədəniyyət Fondunun qurucularından olan Dövlət Bağçalı Qazi Universiteti İqtisadi və İnzibati Elmlər Fakültəsinin məzunudur. 20 ildir, Ankara Böyükşəhər Bələdiyyə Sədri vəzifəsini yerinə yetirən Melih Göyçək, Qazi Universiteti Jurnalistika fakültəsində təhsil alıb. Daha çox “Kim Milyonçu Olmaq İstəyir” adlı yarışmada tanınan jurnalist, aparıcı, aktyor Kənan İşıq Qazi Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsi Dövlət İdarəçiliyi ixtisasının məzunudur.

Rüfət İlgaz isə “Hababam sınıfı” nın müəllifi, şeir, roman və povest müəllifidir. Qazi Universiteti Ədəbiyyat fakültəsinin məzunudur.

Qazi Universitetinin Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisasının hazırlıq mərhələsində olan Fuad Əlizadə bildirir ki, Türkiyənin ilk ən  yaxşı 5 ali təhsil ocağı siyahısında  yer aldığı üçün buranı seçib.

“Universitetin texniki avadanlığı, laboratoriyalarından   gündəlik dərslərimə çalışdığım zaman çox faydalanıram. Buradakı texniki imkanlar  Amerika və Avropa universitetlərindən heç də fərqlənmir”.

28782969_2037862773156353_5025384698671529984_n.jpg

Fuadın sözlərinə görə, tələbələr “Qazi”də mühəndislik, hüquq və tibb üzrə mükəmməl təhsil ala bilərlər.

Təhsil haqları fakültələrdən asılı olaraq 1500-15000 türk lirəsi aralığında dəyişir. Ən bahalı fakültə isə tibbdir.

Əsmər Qabil