https://www.zirve.edu.az/ #
2021-11-29 12:51:00
Növbəti dərslər Yasamal rayonu üzrə keçirilib-FOTO  

Paytaxtın ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir.

 

AzEdu.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatının lektoriya zalında  və digər mərkəzlərdə təşkil olunan növbəti dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Sadiq Qurbanov, Elnur Allahverdiyev, professor Şahlar Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.

 

Professor Şahlar Əsgərov Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, digər mühüm sahələr kimi aktual hesab olunan təhsil də ulu öndərin qayğısı və diqqəti ilə bugünkü inkişaf səviyyəsinə yüksəlib.

 

Daha sonra millət vəkilləri Sadiq Qurbanov və Elnur Allahverdiyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat veriblər.

 

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, siyasi sabitlik və iqtisadi  dirçəliş, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verməkdən  ibarətdir.

 

Dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi bütün paytaxt məktəblərini əhatə edəcək.